Bakı. Trend:
Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun əməliyyatçısı - ICGB şirkəti 2025-ci ilin yanvar ayı üzrə, o cümlədən, kommersiya istismarının başladığı andan etibarən ümumi tədarük həcmlərini açıqlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən bildirilib.
“Yunanıstan-Bolqarıstan istiqamətində paylaşdırılmış qazın həcmi yanvar ayında 675 286 656 kVt/saat təşkil edib. Kommersiya istismarının başladığı andan etibarən müvafiq göstərici 32 204 001 893 kVt/s-a çatıb”, - məlumatda deyilir.
ICGB-dən, həmçinin, bildiriblər ki, paylaşdırılmış qazın Bolqarıstan-Yunanıstan istiqamətindən kommersiya məqsədli əks axının paylaşdırılmış həcmi yanvar ayı üzrə 20 348 491 kVt/s təşkil edib.
“Kommersiya məqsədli istismarın başladığı andan etibarən müvafiq həcm 1 786 514 787 kVt/s-a çatıb”, - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, IGB Bolqarıstanın Cənub qaz dəhlizinə qoşulmasın icazə verir və “Şaquli qaz dəhlizinin” bir hissəsi sayılır. Qaz kəməri yeni, şaxələndirilmiş mənbələrdən olan təbii qaza çıxışı təmin edərək, regionda enerji bağlılığını və təhlükəsizliyini möhkəmləndirir.
Hazırda qaz kəməri illik 3 milyard kubmetr gücü ilə fəaliyyət göstərir, genişlənmə potensialı isə illik 5 milyard kubmetrə qədərdir. İnterkonnektor Bolqarıstanın daxili təbii qaz istehlakının təxminən 70 faizinə cavab verir və Moldova və Ukrayna kimi vacib bazarlara etibarlı marşrutu təmin edir.
X: @Lyaman_Zeyn