...

Gürcüstan prezidenti enerji təhlükəsizliyi üzrə Avropa konfransında çıxış edəcək

Energetika Materials 19 İyun 2006 18:08 (UTC +04:00)

Sabah Gürcüstan prezidenti Mixail Saakaşvili "Avrasiyanın enerji təhlükəsizliyi: bazara çıxış və sərmayə siyasəti" adlı Beynəlxalq konfransda çıxış edəcək. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, konfrans bu gün səhər Tbilisinin Courtyard Marriott otelində öz işinə başlayıb.

Tədbir iyunun 21-ə qədər davam edəcək. Onun təşkilatçıları Gürcüstan höküməti, ölkə prezidenti və Beynəlxalq enerji agentliyidir (IEA).

Konfransda region ölkələrinin, həmçinin Azərbaycan, Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrin yüksək vəzifəli hökümət nümayəndələri, həmçinin böyük enerji şirkətlərinin rəhbərləri və tanınmış ekspertlər iştirak edir.

Konfransda Mərkəzi Asiyanın təbii qazının Avrasiyada artan rolu, enerji daşıyıcılarının tədarükündə kollektiv təhlükəsizliyinin möhkəmlənməsi, eyni zamanda "Enerji daşıyıcıları nəqlinin cənub dəhlizi"nin inkişafı ilə bağlı məsələlər müzakirə edilir. Konfransda Avrasiya potensialını yeni proqressiv fəaliyyət planına çevirmək üçün enerji daşıyıcıları tədarükünün kollektiv təhlükəsizliyinin yeni üsulları hazırlanacaq.

Sabah isə konfransda IEA -nın icra direktoru Klod Mandil çıxış edəcək. Mətbuat konfransı çərşənbə günü, iyunun 21-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti