Sabah Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və BP şirkətinin nümayəndələri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı görüşəcəklər. Bu barədə Trend agentliyinin məlumatına əsasən, sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, BTC - sistemdir və hər hökumət öz ərazisində bu sistemin təhlükəsizliyinə görə cavab verir. "Hökumət neft boru kəmərinin təhlükəsizliyini və onun işinin etibarlığını təmin etmək üçün dövlətin sərəncamında olan bütün vəsaitlərdən istifadə edə bilər" - deyə o bildirib.
N.Əliyev deyib ki, kəmərin təhlükəsizliyi müxtəlif səviyyələrdə təmin olunur. Neft boru kəmərinin operatoru - BP kəmərin texniki təhlükəsizliyi və germetikliyini təmin etmək imkanlarına malikdir. Bunun üçün reydlər və yoxalamalar keçirilir, SCADA sistemi, peyk rabitəsi və elektron təhlükəsizlik üsulları mövcuddur.
Vaxtaşırı müşavirələr keçirilir ki, burada həmin məsələlər müzakirə olunur. Azərbaycan, Gürcüstan və Türkiyədə təhlükəsizlik və güc orqanlarının işinin əlaqələndirilməsinə cavabdeh xüsusi xidmətlər yaradılıb. Bu məsələ ilə əlaqədar fikir mübadiləsi aparmaq məqsədilə görüşlər keçirilir.
Nazirin dediklərinə görə, neft oğurlamaq məqsədilə ayrı-ayrı şəxslər tərəfindən kəmərin germetikliyini pozmaq cəhdləri olub. Buna görə təhlükəsizlik məsələləri diqqət mərkəzində olmalıdır, informasiya kanalı yaradılmalıdır. Digər tərəfdən, mərkəzi orqanlar yerli qurumlarla birlikdə informasiya toplamalıdır.