2006-cı ilin oktyabrında Oslo şəhərində keçiriləcək Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə üçüncü beynəlxalq konfransa hazırlıqla bağlı Bonnda EİTİ-nin işguzar görüşü keçirilib. Trend in Dövlət Neft Fondunun (DNF) məlumatına istinadən verdiyi xəbərə görə, görüş avqustun 31-dən sentyabrın 1-dək davam edib.
Görüşdə DNF-nin icraçı direktoru Şahmar Mövsumov çıxış edib. Toplantı zamanı EİTİ-üzrə Beynəlxalq məsləhətçi Qrupun Oslo konfransında təqdim edəcəyi hesabatın layihəsi müzakirə olunub. Hesabat layihəsi çərçivəsində toplantı iştirakçıları EİTİ-yə qoşulmuş ölkələrdə bu Təşəbbüsün tətbiqinin təsdiqi, EİTİ üzrə İdarə Heyətinin yaradılması, İdarə Heyətinin Katibliyinin strukturu və yerləşəcəyi məkan məsələlərini müzakirə ediblər. Görüşdə ABŞ hökumətinin, Böyük Britanityanın Beynəlxalq İnkişaf Nazirliyinin, Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin, Fransa, Hollandiya və Norveç Xarici İşlər nazirliklərinin, Nigeriyanın Mineral sərvətlər Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BP, Şevron, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Oslo konfransında Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin olunması məqsədi ilə yaradılacaq İdarə Heyətinin formalaşması məsələsi müzakirə ediləcək.
İdarə Heyətində EİTİ-ni tətbiq edən 5 ölkənin nümayəndəsinin, eləcə də Təhəbbüsə dəstək olan 3 ölkənin, 5 qeyri-hökumət təşkilatlarının, 5 hasilat sənayesi və 1 investisiya şirkətinin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulub. Oslo Konfransında Şəffaflıq Təşəbbüsünün tətbiqində lider ölkə olan Azərbaycanın İdarə Heyətinə üzvlüyünün təsdiqi gözlənilir.
İdarə heyəti EİTİ-nin gələcək fəaliyyətinin koordinasiya edilməsi məqsədi ilə yaradılacaq. İdarə Heyətinin əsas funksiyaları EİTİ-nin ümumi inkişafına, strateji istiqamətində, Təşəbbüsün tətbiqinin effektivliyinə nəzarəti təmin etmək və bu məsələlər üzrə tövsiyələr hazırlayaraq EİTİ üzrə növbəti beynəlxalq konfransa tətbiq etməkdir.
Hazırlıq tədbirləri apreldə Bakıda EİTİ-üzrə Beynəlxalq Məsləhətçi Qrupunun IV iclası çərçiəvsində də nəzərdən keçirilmişdi.
İndiyə kimi zəngin mineral ehtiyatlarına malik ölkələrdən heç birində şəffaflfq üzrə hesabat hazırlanmayıb. Azərbaycan EİTİ Təşəbbüsündə bir pilot ölkə kimi yeganə olaraq qalır. Artıq bir çox ölkələr şəffaflıq təşəbbüsünin həyata keçirilməsi üzrə Azərbaycan modelindən istifadə etmək niyyətində olduqlarını bildiriblər.