...

Azərbaycan nazirlikləri AYİB-lə kredit sazişini razılaşdırır

Energetika Materials 14 Sentyabr 2006 12:58 (UTC +04:00)

Hazırda Azərbaycanın nazirlik və idarələri Avropa Yenidənqurma və İnkişaf Bankı ilə vəsaitləri Azərbaycan İES-nin yenidənqurulmasına cəlb olunacaq kredit sazişini razılaşdırır. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Onun sözlərinə görə, sənəd razılaşdırıldıqdan sonra imzalanacaq.

Enerji bloklarının yenidənqurulması istiqamətində işlərə 2007-ci ilin I rübündə başlanması planlaşdırılır. Buna qədər isə məsləhətçi seçmək, tender keçirmək və baş podratçını müəyyənləşdirmək lazımdır.

Bundan əvvəl bank layihə üzrə məsləhətçi qismində çıxış edəcək şirkəti müəyyən edib və təsdiqləyib. Mingəçevir İES-in yenidənqurulması layihəsi çərçivəsində məsləhət xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi Yaponiya-Almaniya alyansı TEPSCO və Fichtner olub.

Məsləhətçi podratçıların İES-in yenidənqurulması ilə bağlı tender təkliflərinin əsaslanacağı texniki spesifikasiyanı hazırlayacaq, həmçinin, baş podratçının müəyyən edilməsi üzrə tender keçirəcək.

Məsləhətçinin seçilməsi üzrə tenderdə iki şirkətlər alyansı Almaniyanın DECON və Iattenfall, o cümlədən Yaponiya-Almaniya TEPSCO və Fichtner şirkətləri iştirak edib.

80-ci illərdə inşa edilmiş Azərbaycan İES ölkədə ən iri elektrik stansiyasıdır. Stansiya hər biri 300 MVt gücündə 8 enerji blokuna malikdir. Ancaq avadanlıqlar köhnəldiyindən stansiyasının istehsal gücü azalıb. Bu il "Azərenerji" Rusiyanın "Silovıe maşinı" şirkəti ilə birgə 5-ci enerji blokunu bərpa edib ki, bu da həmin blokda 330-340 MVt istehsal gücünə nail olmağa imkan verib.

Elektrik stansiyasının yenidənqurulması layihəsində 7 enerji blokunun, suburaxıcı sistemin və tüstü bacasının modernləşdirilməsi nəzərdə tutulur. Bundan əvvəl AYİB-lə danışıqlar aparılsa da, kreditin verilmə şərtləri Azərbaycanı təmin etmirdi. Ancaq AYİB prezidenti Jan Lemyerin ölkəyə səfərindən sonra bank öz şərtlərini geri götürüb və danışıqlar davam etdirilib.

Xəbər lenti

Xəbər lenti