...

Qazaxıstan XİN rəhbəri:Transxəzər boru kəmərinin tikintisi siyasi və iqtisadi məsələləri həll etmədən mümkün deyil

Energetika Materials 28 Mart 2007 14:38 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend / "İnterfaks-Qazaxıstan"ın məlumatına əsasən, Qazaxıstan XİN rəhbəri Marat Tajin hesab edir ki, Xəzər dənizinin dibi ilə energetik boru kəməri üç prinsipial məsələnin həllindən sonra mümkün ola bilər.

"Bu mövzu əsas məsələ kimi müzakirə olunur və baxılır", deyə M.Tajin bu gün Astanada "Avropa Birliyi Üçlüyü - Mərkəzi Asiya ölkələri" formatında görüşdən sonra mətbuat konfransında söyləyib.

Lakin o qeyd edib ki, "bu məsələnin həlli üç tərkib hissədən asılıdır".

"İlk növbədə, Xəzərin hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Hələ ki, Xəzərin hüquqi statusu müəyyən olunmayıb və Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi məsələsini müzakirə etmək olduqca çətindir. Bu materiya Xəzəryanı dövlətlərin razılığını tələb edir", - deyə M.Tajin bəyan edib.

"İkincisi, problemin texnoloji aspektləri var. Kağızda yazıldığı kimi, hər şey heç də asan deyil. Hazırda bu məsələnin sənədləşdirilməsi və texnoloji həllinin olmasını söyləmək vaxtından qabaqdır", - deyə o bildirib.

"Və üçüncüsü, bu layihənin iqtisadiyyatını hesablamaq lazımdır. Çünki kamil iqtisadi əsaslandırma olmadan bu barədə danışmaq olduqca çətindir", - deyə Qazaxıstan XİN rəhbəri vurğulayıb.

Boru kəmərinin tikntisi məsələsinin həlli üçün "hər üç vəziyyəti nəzərə almaq lazımdır", deyə nazir yekun vurub.

Xəbər lenti

Xəbər lenti