...

Nazir: "Türkmənistanla Qazaxıstan Xəzəryanı qaz kəmərinin özlərinə aid hissələrini daxili imkanlar hesabına inşa etdirəcəklər"

Energetika Materials 16 May 2007 12:29 (UTC +04:00)
Nazir: "Türkmənistanla Qazaxıstan Xəzəryanı qaz kəmərinin özlərinə aid hissələrini daxili imkanlar hesabına inşa etdirəcəklər"

Qazaxıstan, Astana /müx. Trend K.Konırova/ Türkmənistanla Qazaxıstan özlərinə aid Xəzəryanı qaz kəmərinin hissələrini daxili imkanları hesabına inşa etdirəcəklər. Bu barədə jurnalistlərə Qazaxıstanın energetika və mineral resurslar naziri Baktıkoja İzmuxambetov məlumat verib.

Xəzəryanı qaz kəmərinin uzunluğu 1000 km olacaq. 400 km-dən çoxu Türkmənistan, 500 km - dən çoxu isə Qazaxıstan ərazisindən keçəcək.

İzmuxambetov xatırladıb ki, bu marşrutla boru kəməri artıq mövcuddur. Lakin kəmər 30 il ərzində istismar edilmədiyi üçün bu gün texniki imkanları 4 mlrd. kubmetrdən (illik ötürücülük qabiliyyəti) çox deyil. Halbuki xəttin layihədəki ötürücülük qabiliyyəti 10 mlrd. kubmetr təşkil edir.

"Ötən il köhnə boru ilə 0,5 mlrd. kubmetrdən bir qədər az qaz ötürülüb. Bu üzdən də eyni marşrutla yeni qaz xəttinin tikintisi nəzərdə tutulur" - deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən həftə Rusiya, Qazaxıstan və Türkmənistan dövlət başçıları Xəzəryanı qaz kəmərinin inşasına dair bəyannamə imzalayıblar.

İzmuxambetovun sözlərinə görə, Qazaxıstan üçün Türkmənistandan qaz almaq daha ucuz başa gəlir ki, nəinki qərb vilayətlərindən cənub vilayətlərinədək boru kəməri tikdirmək.

"Bu günlərdə praktiki olaraq Qazaxıstanın Türkmənistandan Çinədək uzanacaq qaz kəmərinin inşasında iştirakı məsələsi həll olunub. Əgər Milli Neft-Qaz Şirkəti "KazMunayQaz" Türkmənistanın Özbəkistanla sərhəddəki ərazlərində qaz yataqlarının kəşfiyyatı və hasilatında iştirak etsə, ölkənin cənub regionlarını buradakı qaz hesabına təmin etmək imkanı yaranacaq" - deyə nazir vurğulayıb.

İzmuxambetov həmçinin qeyd edib ki, əgər qaz planlaşdırılan marşrutla, yəni Beyneu - Bozoy - Şalkar - Samsonovka (qərbdən cənubadək) ilə nəql olunsa, onun min kubmetrinin qiyməti 170-200 dollara bərabər olacaq: "Bu isə əhali üçün məqbul ola bilməz. Türkmən qazını isə alsaq, bu, bizə iki dəfə ucuz başa gələcək".

İzmuxambetovun sözlərinə görə, Qazaxıstanın cənubu həmişə qaz təchizatı baxımından problemlərlə üzləşib. Bu bölgə tamamilə Özbəkistandan gələn qazdan asılıdır. Nazir bildirib ki, hökumət məsələnin həlli üçün iqtisadi cəhətdən faydalı marşrutlar axtarır.

Xəbər lenti

Xəbər lenti