Azərbaycan, Bakı/müxbir Trend Ü.İsmayılova/ Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) ilin sonuna avrobondlar buraxmaq məqsədilə reytinqin əldə olunması üçün "City Bank"ın xidmətlərindən istifadə etməyi planlaşdırır. Bu barədə ADNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
"City Bank" ikinci reytinq agentliyinin cəlb olunması üzrə Azərbaycan hökumətinin məsləhətçisidir. İkinci reytinq agentliyi "Moody`s Investors" olub.
1 yanvar 2008-ci ildən ADNŞ beynəlxalq maliyyə hesabatı standarlarına keçməyi planlaşdırır. Bunun üçün "PriceWaterhouse Coopers"lə müqavilə imzalanıb.
"Lakin bu, o demək deyil ki, 1 yanvar 2008-ci ildən başlayaraq biz bu standartlara keçəcəyik. Bunun üçün ilk öncə ADNŞ-nin 2007-ci il göstəricilərini beynəlxalq standartlara keçirmək lazımdır", deyə o bildirib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə hesabatı standartlarına keçəndən sonra ADNŞ reytinqin alınması üçün audit aparmalı olacaq.