Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/Yanvar-iyun aylarında "Azneftkimyamaş" ASC 13,6 mln. manat dəyərində neft sənayesi, geoloji kəşfiyyat avadanlığı, onlar üçün alət və ehtiyat hissələri istehsal edib ki, bu da 2006-cı ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur. Bu barədə cümə axşamı ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi məlumat verib.
Onun sözlərinə görə, bu dövr ərzində ən məhsuldar müəssisə 2 mln. manatlıq məhsul istehsal edən "Səttərxan" adına maşınqayırma zavodu olub. "Bakı fəhləsi" zavodu 1,8 mln. manatlıq, Sabunçu İB 1,3 mln manat, Bakı maşınqayırma zavodu 1,2 mln. manat, Suraxanı maşınqayırma zavodu 1,3 mln. manatlıq məhsul istehsal edib.
Bu dövr ərzində təşkilat 11,5 mln. manatlıq satış həyata keçirib.
2007-ci ildə ASC-nin müəssisələri üzrə istehsal 25 mln. manat dəyərində proqnozlaşdırılıb.
"Azneftkimyamaş" ASC prezidentin 2001-ci il 22 mart sərəncamı ilə "Azneftkimyamaş" Dövlət Şirkətinin bazasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma, 4 elmi-araşdırma və layihə-konstruksiya institutu daxildir.