Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Dünya iqtisadiyyatında son illər energetika sahəsindəki tendensiya enerjiyə tələbatı artıran sürətli iqtisadi artımdır. Bunu bazar ertəsi Bakıda BP şirkətinin MDB üzrə iqtisadi araşdırma rəhbəri Vladimr Drebentsov məlumat verib.
Onun sözlərinə görə, ən sürətli artım kömür energetikasında müşahidə olunur. Kömür sahəsində artım əsasən Çinin hesabına baş verir. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına (İƏİT) üzv olmayan ölkələrin enerjiyə tələbatda artımı istixana effektlinin daha böyük olduğu enerji tutumlu artım modelinə gətirib çıxarır.
Drebentsov qeyd edib ki, 2006-cı ildə dünya enerji tələbatında neftin payı bi raz azalıb. Qaz, nüvə və hidroenerjinin dünya tələbatında payı əvvəlki səviyyədə qalıb. Yalnız kömürə tələbatda artım müşahidə olunur. 1991-ci ildə enerji resurslarına tələbat 8,2 mlrd. ton neft ekvivalentində olub ki, bunun da 23 faizi ABŞ, 22 faizi Avropa, 11 faizi digər İƏİT ölkələri, 17 faizi keçmiş SSRİ ölkələri, 9 faizi Çin və 18 faizi digər inkişaf edən bazarların payına düşüb.
2006-cı ildə isə enerji ehtiyatlarına tələbat 10,9 mlrd. ton neft ekvivalentində olub ki, bunun 21 faizi ABŞ, 18 faizi Avropa, 12 faizi digər İƏİT ölkələri, 10 faizi keçmiş SSRİ ölkələri, 16 faizi Çin, 23 faizi digər inkişaf edən bazarların payına düşüb.
BP nümayəndəsinin məlumatlarına görə, son 15 ildə təbii qaz hasilatında ciddi dəyişikiliklər müşahidə olunur. Şimali Amerika və Avropada qaz hasilatında əhəmiyyətli azalma müşahidə olunur. Cənubi və Mərkəzi Amerikada isə artım görünür. Həmçinin Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionunda yaxşı artım tendensiyası görünür. Keçmiş SSRİ ölkələrində isə qaz hasilatında kəskin artım müşahidə olunur ki, 5 ildə (2001-06) 110 mlrd. kubmetrdən çox artım var.