Bakı. Trend:
İşğaldan azad olunmuş rayonlarda günəş enerjisi istehsalının inkişafı üçün geniş imkanlar var.
Bu sözləri Trend-ə açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov söyləyib.
O bildirib ki, bu istiqamətdə işlər aparılır.
"İlkin ekoloji qiymətləndirilmələr də aparılıb. Bundan əlavə, Həkəri çayı və onun qolları üzərində hidroenergetikanın inkişafı üçün müəyyən işlər görülüb. Bir neçə su elektrik stansiyası istifadəyə verilib".
Ekspertin sözlərinə görə, Azərbaycan 2015-ci ildən Paris razılaşmalarının üzvüdür.
"Bu üzvlük Azərbaycana könüllü öhdəlik gətirib ki, ölkə ərazisində istixana qazlarının miqdarı 2030-cu ilə qədər 1990-cı illə müqayisədə 35% azalsın. İstixana qazlarının azaldılmasının yolu ilk növbədə "yaşıl enerji"dən istifadə etməkdə, günəş, külək enerjisindən istifadə etməkdə və "yaşıl texnologiya"lara maliyyənin getdikcə artırılmasındadır. Bu məqsədlə Azərbaycanda son illərdə çox güclü maliyyə yatırımları olub.
Səudiyyə Ərəbistanı Azərbaycanda çox böyük günəş elektrik stansiyasının tikintisinə başlayıb və bu sahəyə böyük investisiya qoyulub. Eləcə də, ölkəmizin ən günəşli regionu olan Naxçıvanda bu istiqamətdə böyük işlər aparılır.
Naxçıvanda günəş daha çoxdur, buludsuz havalar daha çox olur və burada günəş elektrik enerjisinin gələcəyi çox böyükdür. Buraya çox böyük maliyyənin qoyulması planlaşdırılır. Digər tərəfdən, Xəzər dənizi sahillərində Yaşma, Yalama istiqamətində külək elektrik stansiyaları tikilib. Gələcəkdə bu tikintinin daha da intensivləşdirilməsi gözlənilir. Düşünürəm ki, ölkəmizdə yaxın gələcəkdə kənd yerlərində günəş energetikasının inkişafına təkan verən tədbirlər planı hazırla bilər", - deyə o qeyd edib.