Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2050-ci ilə qədər qlobal miqyasda əməliyyatlarında enerji təhlükəsizliyi və dayanıqlılığına zəmanət verən milli enerji şirkətinə çevrilməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın Ekoloji Məlumatların Açıqlanması və Yaşıl Təşəbbüslər İdarəsinin rəisi Mustafa Qurbanlı SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı SOCAR-ın Ekoloji parkına təşkil edilən mediatur zamanı deyib.
O qeyd edib ki, SOCAR istixana qazlarının emissiya göstəricilərinin, karbon dioksid və metan emissiyalarının azaldılması üzrə real addımların öyrənilməsi və şirkətin "yaşıl" layihələr portfelinin qiymətləndirilməsinə əsaslanan 2050-ci ilədək mərhələli dekarbonizasiya proqramı hazırlayıb.
Şirkət 2030-cu ilədək qazın məşəldə yandırılmasını tamamilə dayandırmaq, hasilatda isə istixana qazlarının emissiyasını 2022-ci ilin göstəricisi ilə müqayisədə 30% azaltmaq niyyətindədir.
"SOCAR 2035-ci ilə qədər korporativ fəaliyyət nəticəsində emissiyaların intensivliyini 30% azaltmağı, 2050-ci ildə isə xalis sıfır səviyyəyə çatmağı planlaşdırır", - deyə M.Qurbanlı qeyd edib.
2050-ci ilə qədər metan emissiyalarının azaldılması üzrə böyük işlər nəzərdə tutulub və bu problem karbohidrogen hasilatı prosesində xüsusən aktualdır.
"Xarici tərəfdaşlarımız xüsusən ən son texnologiyalardan istifadə yolu ilə qarşıya qoyduğumuz məqsədləri reallaşdırmağımıza imkan yaradır. Bu baxımdan, bp, "TotalEnergies", "ADNOC" şirkətləri ilə əməkdaşlıq artıq inkişaf edir", - SOCAR-ın nümayəndəsi deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)