...

Azərbaycanın özəl internet provayderləri ADSL-in qiymətinin azaldılması üzrə təkliflər hazırlayırlar

Telekommunikasiya Materials 27 Yanvar 2009 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın özəl internet provayderləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim etmək üçün ölkədə genişxətli internet xidmətlərinə olan tariflərin azaldılması üzrə təkliflər hazırlayırlar, - Azərbaycan internet birliyinin rəhbəri, "Azerin" provayder şirkətinin rəhbəri Qalib Qurbanov çərşənbə axşamı bildirib.

"Dünən [yanvarın 26-da] birliyin iclası keçirilib. İclasda provayderlər ADSL-in qiymətinin iki dəfə azaldılması üçün texniki imkanlar üzrə təkliflər hazırlamaq qərarına gəliblər", - Qurbanov deyib.

Rabitə Nazirliyinin rəhbəri Əli Abbasovun əvvəllər bildirdiyinə görə, Azərbaycanda genişxətli internetin tarifləri region üçün orta hesab olunur. Lakin ölkənin işgüzar fəallığı və iqtisadi inkişafını nəzərə alaraq, tariflər daha aşağı ola bilər.

"Məhz bu səbəbdən biz [Rabitə Nazirliyi] Tarif Şurası ilə birlikdə ölkədə internet-resursların tariflərini azaltmaq qərarına gəldik", - Abbasov qeyd edib.

Tarif Şurasının 2008-ci il 30 dekabr tarixli qərarına əsasən İnternet xidmətlərinin göstərilməsi üçün zəruri olan rəqəmsal kanallara olan tarifləri azaldılıb. Beləliklə, 2Mqb/saniyə şəhərdaxili rəqəmsal kanaldan (portundan) istifadənin dəyəri abunəçilər üçün (büdcə təşkilatları istisna olmaqla) 1,2 min manatdan 600 manatadək, onlardan istifadəyə görə aylıq ödəniş 320 manatdan 300 manatadək, qoşulma və aylıq istifadənin dəyəri (Bakı istisna olmaqla) 240 manatdan 200 manatadək azaldılıb. Şura həmçinin hər tam və natamam 50 kilometrə görə 2Mqb/saniyə kanaldan istifadənin tarifini 180 manatdan 150 manatadək (16,7 faiz) azaldıb.

Nazir bildirib ki, fevraladək internet xidmətlərin qiymətləri xeyli azaldılmalıdır.

Qurbanovun sözlərinə görə, birliyin növbəti iclası cümə axşamı keçiriləcək. İclasın gündəliyinə qiymətlərin azaldılması ilə bağlı təkliflərin müzakirəsinin davam etdirilməsi daxildir.

Dövlət provayder şirkətləri - Bakinternet və Aztelekom.Net artıq ADSL xidmətləri qiymətlərinin iki dəfə azaldılmasını elan ediblər. Yeni qiymətlər fevralın 1-dən qüvvəyə minir.

Azərbaycanda 30-dan çox internet-provayder şirkəti və 1 milyondan çox internet istifadəçisi var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti