Azərbaycan, Bakı, 8 iyun /Trend/
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzi bölgələrdə 7 seysmik stansiyanın quraşdırılması üzrə işləri yekunlaşdırıb. Bunu Trend-ə çərşənbə axşamı Respublika Seysmoloji Mərkəzinin baş direktorunun müavini Azay Rzayev deyib.
Rzayevin sözlərinə görə, yeni seysmik stansiyalar Zaqatala, Kürdəmir, Mingəçevir, Saatlı, Qazax, Lerik və Xızı rayonlarında quraşdırılıb.
Bu gün respublikamızın ərazisində işə salınan seysmik stansiyaların ümumi sayı 21-ə çatıb. Yuxarıda sadalanmış rayonlardan başqa, seysmik stansiyalar Qobu, Qala, Nardaran, Quba, Şabran, Pirqulu, İsmayıllı, Bərdə, Gəncə, Şəki, Şirvan, Cəlilabad, Lənkəran və Naxçıvanda da işə salınıb. Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vıbrasiya sensorlarından məlumat daxil olur.
Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir .Avadanlıq ABŞ-ın "Kinemetrics" şirkətindən alınıb. Hər stansiyanın qiyməti 200 min dollara çatır. RSM-in korporativ şəbəkəsinə Delta Telecom xidmət göstərir.
Rzayevin sözlərinə görə, seysmoloji mərkəzin gələcək planlarına daha doqquz stansiyanın quraşdırılması daxildir. Hazırda yeni seysmostansiyaların tikilməsi haqqında təkliflər baxılması üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub. Bu təkliflər bəyənildikdən sonra layihənin həyata keçirilməsi şərtləri müəyyən ediləcək.