Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/
Cümə günü Bakıda imzalanan Avrasiya Kabel Televiziyaları Assosiasiyasının yaradılmasına dair niyyət protokolu müsbət və vacib addımdır. Bu barədə cümə günü "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransında iştirak edən Rusiya Kabel Televiziyaları Assosiasiyasının (RKTA) vitse-prezidenti Mixail Silin deyib.
Silinin sözlərinə görə, Avrasiya assosiasiyasının yaradılması ölkələrə kabel televiziyasının yayımına məxsus olan problemləri birgə həll etməyə imkan verəcək.
"RKTA əksər qonşu dövlətlərlə çoxdandır ki sıx əlaqələr saxlayır və bizim üçün bu mühümdür, çünki xalqlarımız tarixən yaxındırlar və bizim ümumi problemlərimiz və ümumi nailiyyətlərimiz var. Güman edirəm ki, informasiya məkanının yaxınlaşdırılmasında səylərimiz də çox vacibdir", - Silin vurğulayıb.
Avrasiya Kabel Televiziyaları Assosiasiyası ümumi informasiya məkanını yaratmağa imkan verəcək. Silin hesab edir ki, bu, öz növbəsində onun tərkibinə daxil olan ölkələrə bu sahədə yaranan problemlərin həlli üzrə nailiyyətlərlə bölüşməyə imkan verəcək.
"Regionun bütün ölkələrində kabel televiziyası nisbətən bu yaxınlarda yaranıb. Praktiki olaraq bütün ölkələrdə qanunvericilik təminatı ümumi olub və ümumi olaraq qalmaqdadır. Bu gün normativ-hüquqi təminat bazar iştirakçıları arasında yaranmış münasibətlərdən xeyli geri qalıb. Hər bir ölkə üçün normativ-hüquqi təminatın uyğun səviyyəyə gətirilməsi çox vacibdir", - Silin əlavə edib.
Cümə günü Bakıda keçirilən "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransı çərçivəsində Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstan və Türkiyənin kabel operatorlarının nümayəndələri Avrasiya Kabel Televiziyaları Assosiasiyasının yaradılmasına dair niyyət protokolu imzalayıblar.
Konfransın təşkilatçıları Milli Televiziya və Radio Şurası və Azərbaycan Kabel Operatorları Assosiasiyasıdır (AKOA).
Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkətləri Azərbaycan Kabel Operatorları Assosiasiyasını (AKOA) yaradıblar.