...

Bakıda sahibkarların innovasiya prosesinə cəlb edilməsində dövlətin rolu müzakirə ediləcək

Telekommunikasiya Materials 1 Mart 2011 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir H.Vəliyev/

Bakıda sahibkarların innovasiya prosesinə cəlb edilməsində dövlətin rolu müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatında deyilir.

Məsələyə martın 31-də "Korporativ idarəetmə və iqtisadiyyatın innovasiya inkişafı" mövzusunda beynəlxalq konfransda baxılacaq.

Konfransda "Elmi-innovasiya potensialı - iqtisadiyyatın rəqabət qabiliyyətini artıran əsas amillər", "İnnovasiya potensialının qiymətləndirilməsi metodikaları", "İnnovasiyaların informasiya təminatı sahəsində təcrübə mübadiləsi", "Elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları və onların innovasiya sahəsində rolu" müzakirə ediləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin bundan əvvəl Trend-ə dediyinə görə, iqtisadiyyatın innovasiyalara əsaslanması üçün məhz innovasiya ideyaları və "nou-hau" sayəsində öz iqtisadiyyatını quran və dünyada aparıcı mövqe tutan ölkənin təcrübəsini öyrənmək vacibdir.

Əliquliyevin fikrincə, Azərbaycan elminin inkişafı və elmi ideyaların həyata keçirilməsi üçün vençur kapitalın qoyulması lazımdır.

İqtisadiyyatın digər sektorlarına qoyulan investisiyalardan fərqli olaraq, hazırda elmi layihələrə qoyulan investisiyalar kökündən fərqlənir. İqtisadiyyatın digər sektorlarına vəsait qoyuluşu müəyyən vaxtdan sonra onların nə qədər gəlir gətirə biləcəyinə əsaslanaraq həyata keçirilir.

"İqtisadiyyatın digər sektorlarına qoyulan investisiyalardan fərqli olaraq, intellektual ideyaların inkişafına investisiyalar bu gün az adamı maraqlandırır. Bu onunla izah edilir ki, vençur investisiya müəyyən risklərlə müşayiət olunur və investor sadəcə olaraq qoyulmuş vasitələri geri qaytarmaya bilər. Lakin bununla belə, Azərbaycan elmi bu gün vençur kapitala ehtiyac duyur. Və əgər inkişaf etmiş ölkələrə baxsaq, o zaman məhz orada 1950-60-cı illərdə vençur kapitalın hesabına bu gün dünyada qabaqcıl mövqelər tutan texniki parkların tikildiyini görərik", - Əliquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti