...

"Azercell" 4G xidmətlərinin göstərilməsi üçün Azərbaycan Rabitə Nazirliyinə müraciət edib

Telekommunikasiya Materials 23 Noyabr 2011 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell" dördüncü nəsil (4G) rabitə standartında xidmətlərin tətbiqi haqqında təkliflə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə "TeliaSonera" şirkətinin Avrasiya əməliyyatları üzrə baş direktoru və vitse-prezidenti Halim Atəş bildirib.

Atəşin sözlərinə görə, 4G standartının tətbiqi daha səmərəli tarif siyasəti aparmağa və məlumat ötürmə xidmətlərinin qiymətini endirməyə imkan verəcək.

O qeyd edib ki, "Azercell" şəbəkəsində 3G xidmətlərinin istifadəçilərinin sayı artıq 200 min nəfərə çatıb.

Noyabrın əvvəlində nazirlik 3G standartında xidmətlər göstərmək üçün "Azercell" və "Bakcell" mobil rabitə operatorlarına lisenziyalar verib. Buna qədər 3G xidmətlərinin göstərilməsi üzrə lisenziyanı "Azerfon" şirkəti alıb.

Habelə, hər üç mobil operatora ən yeni 4G (LTE) mobil rabitə nəslinin tətbiqi üzrə təklifləri təqdim etmək tövsiyə olunub.

"TeliaSonera" "Azercell" şirkətinin səhmdarlarından biridir.

Xəbər lenti

Xəbər lenti