...

Azərbaycan Rabitə Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib

Telekommunikasiya Materials 9 Fevral 2012 15:52 (UTC +04:00)
Əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçirilib.
Azərbaycan Rabitə Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

Əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin struktur bölmələri gücləndirilmiş iş rejiminə keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, nazirliyə tabe olan sahələrdə ciddi problemlər qeydə alınmayıb.

"Qəza xidmətləri yaranan istənilən problemin qarşısını almağa hazırdır", - Vəlizadə qeyd edib.

Cümə axşamı "Aztelekom" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılovun Trend-ə verdiyi məlumata görə, operatorun şəbəkəsində qlobal problem qeydə alınmayıb.

"Rabitə xətlərində fasilələr qısamüddətli - bir-iki saat ərzində ola bilər. Hər hansısa kəndin telefon rabitəsindən məhrum olması və ya birləşdirici xətlərin qırılması kimi problemlər yoxdur. Problemlər əsasən elektrikötürücü xətlərdə fasilələrin yaranması ilə bağlıdır. Məsələn, Şamaxı rayonunun bəzi kəndlərində artıq bir neçə gündür ki, işıq yoxdur. Belə olan təqdirdə şəbəkənin iş qabiliyyətinə kömək etmək üçün dizel generatorlarından istifadə edilir", - İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, fövqəladə vəziyyət istənilən vaxt yarana bilər, buna görə də operatorun bütün briqadaları səfərbər edilib.

Sinoptiklərin verdiyi məlumata görə, cümə günü Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə güclənəcəyi gözlənilir.

Fevralın 10-da Mərkəzi Aran rayonlarında havanın temperaturu gecə 4-8, gündüz 0-3 dərəcə şaxta olacaq. Dağlarda gecə 15-20, gündüz 5-10 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti