...

"Caspian Telecom" fiber-optik şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 25 Aprel 2012 18:09 (UTC +04:00)
"Caspian Telecom" MMC (CASTEL) özünün fiber-optik texnologiyalara əsaslanan şəbəkəsini genişləndirir.
"Caspian Telecom" fiber-optik şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycanın ən qabaqcıl şirkətlərindən olan "Caspian Telecom" MMC (CASTEL) özünün fiber-optik texnologiyalara əsaslanan şəbəkəsini genişləndirir. Bu barədə çərşənbə günü Trend-ə "Caspian Telecom"un direktor müavini Mahizər Tağıyeva bildirib.

"CASTEL Bakı şəhərində və Abşeron yarımadasının bütün ərazisində banklara, dövət qurumlarına və ya özəl şirkətlərə fiber-optik şəbəkə üzərindən müxtəlif İKT xidmətləri göstərə bilir. 2010-cu ildə "Caspian Telecom" şirkəti "Ailə TV" şəbəkəsinin bir qoluna çevrildikdən sonra "Ailə TV"nin potensialı ilə CASTEL-in potensialı birləşib. Nəticədə CASTEL Azərbaycanın ən geniş fiber-optik şəbəkəyə malik şirkətinə çevrilib", - Tağıyeva əlavə edib.

CASTEL-in direktor müavini onu da qeyd edib ki, hazırda ölkə ərazisində optik şəbəkənin genişləndirilməsi istiqamətində işlər aparılır. Şirkət rəsmisinin sözlərinə görə, hazırda ölkənin digər regionlarında şəbəkələr quraşdırılır.

"Artıq bir neçə bankın regionlardakı filiallarına fiber-optik şəbəkə üzərindən İKT xidməti göstərilir. Qəbələ, Lənkəran, Bərdə, Yevlax, Sumqayıt, Gəncə, Tovuz, Şəmkir, Masallı və Biləsuvar rayonlarında CASTEL-in optik şəbəkəsi mövcuddur", - şirkət rəsmisi vurğulayıb.

Tağıyeva onu da qeyd edib ki, şəbəkənin genişləndirilməsi ilə əlaqədar olaraq, CASTEL-in ölkənin regionlarında filiallarının yaradılması da planlaşdırılır.

Onun sözlərinə görə, "Caspian Telecom" şirkətinin mütəxəssisləri və rəhbərliyi mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində keçirilən İKT sərgilərində qonaq qismində iştirak edirlər. Bu cür sərgilərdə iştirakın nəticəsində ən son texnologiyalar mənimsənilir və şirkətin fəaliyyətində tətbiq olunur.

Xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq tədbirlərin görüldüyünü xatırladan şirkət rəsmisi əlavə edib ki, 2012-ci ildən etibarən CASTEL-in bütün aktiv avadanlıqları ən müasir tələblərə cavab verən CISCO avadanlıqları ilə əvəzlənib.

Xəbər lenti

Xəbər lenti