...

LTE-nin tətbiqi Azərbaycanda mobil internet üzrə qiymətlərin azalmasına kömək edir

Telekommunikasiya Materials 24 May 2012 19:57 (UTC +04:00)
LTE (Long Term Evolution) şəbəkəsinin işə salınması mobil şəbəkələrdə məlumatların ötürülməsi xidməti üzrə tariflərin gələcəkdə azaldılmasına kömək edir.
LTE-nin tətbiqi Azərbaycanda mobil internet üzrə qiymətlərin azalmasına kömək edir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Vəliyev/

LTE (Long Term Evolution) şəbəkəsinin işə salınması mobil şəbəkələrdə məlumatların ötürülməsi xidməti üzrə tariflərin gələcəkdə azaldılmasına kömək edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azercell Telekom" MMC-nin rəhbəri Əli Ağan 4G şəbəkəsinin təqdimatına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəllər şirkət 3G şəbəkəsini işə saldıqdan sonra şirkətin şəbəkəsində məlumatların ötürülməsi xidmətinin dəyəri 60 faizdən çox aşağı salınıb.

"Azercell" şirkətinin rəhbəri hesab edir ki, şirkətin elan etdiyi LTE üzrə internet şəbəkəsinə məhdudsuz çıxışla 45 manat tarifi bu gün optimaldır.

Şirkətin iyunun 18-də təqdim etməyi planlaşdırdığı USB-modemlərin qiymətinin (149 manat) baha olmasına baxmayaraq, Ağan deyib ki, bu, şirkət üçün gəlir mənbəyi deyil.

"Şübhəsiz ki, 4G USB-modemlərinin qiyməti yüksəkdir. Lakin bu prosesi bazar diktə edir, çünki istənilən yenilik öncə yüksək qiymətlə reallaşdırılır, sonra vaxt ötdükcə kütləvi və münasib olur. Oxşar vəziyyət mobil telefon bazarı üçün xarakterikdir. Məsələn, bazara 500 manata çıxarılan telefonun reytinqli modelinin qiyməti üç ay ərzində 100 manat aşağı düşə bilər, sonrakı 6-7 ayda isə onun qiyməti 300 manatdan aşağı olacaq. Eyni prosesin 4G-nin USB-modemləri üçün baş verməsi qaçılmazdır. Bir müddət keçdikdən sonra onların qiyməti 3-4 dəfə azalacaq", - Ağan qeyd edib.

LTE şəbəkəsinin əhatəsinin genişlənməsi məsələsinə toxunan Ağan deyib ki, paytaxt və Abşeron yarımadası ərazisinin tam əhatə olunmasından sonra dördüncü nəsil şəbəkəsi Naxçıvan Muxtar Respublikasında işə salınacaq. Şəbəkənin ilkin olaraq Naxçıvan Dövlət Universitetində işə salınması planlaşdırılır.

Ümumilikdə, şirkətin planlarına əsasən, yaxın illərdə LTE şəbəkəsinin əhatə zonasının respublikanın bütün rayonlarında (əsasən rayon mərkəzlərində) genişləndirilməsi planlaşdırılır. Şəbəkənin işə salınması əsasən bu xidmətə tələbat olan, insanların kütləvi toplaşdığı yerlərdə - universitetlər, parklar və s.-də işə salınması nəzərdə tutulur.

"Yeni texnologiyanın yaranmasına rəğmən, 3G şəbəkəsinə investisiya qoyulması davam etdiriləcək. Bu istiqamətdə işlər davam etdirilir və hazırda həm paytaxt, həm də rayonların bu şəbəkə ilə əhatə olunması prosesi gedir. 3G şəbəkəsinin inkişafına qoyulan investisiyalarla müqayisədə 4G-nin işə salınmasına yatırılan investisiyalar azdır, çünki onun istifadəçilərinin dairəsi 3G şəbəkəsi istifadəçilərinə nisbətən elə də böyük deyil", - Ağan qeyd edib.

Xəbər lenti

Xəbər lenti