Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Pol Anderson "Hannibal" kimi filmlərin müəllifi Ridli Skott qədər məşhur olmasa və yaxud Ceyms Kemeron kimi "Titanik"ə görə Oskar mükafatını almasa da, yavaş-yavaş və rahat şəkildə Hollivud zirvəsini fəth edib.
"Resident Evil" ("Şər məskəni") kult kompüter oyununun kino versiyası Pol Andersonu məşhur edib. Kino həvəskarları "Mortal Kombat" (Ölümcül döyüş) filmini yəqin ki xatırlayırlar. Həmin filmin rejissoru da Pol Andersondur.
Yeri gəlmişkən, son vaxtlar şəhərimizdə Pol Andersonun yaxın zamanda Bakıya gəlib çəkiliş aparacağı barədə gəzən şayiələr doğru çıxıb. Bir neçə gün əvvəl şəhərin ticarət mərkəzlərinin birində onun gəlişini bildirən reklam peyda olub. Həmin reklama görə, Anderson Bakıya Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti ilə birgə layihə çərçivəsində gələcək. Bildiyiniz kimi, "Bakcell" İngiltərənin "Mançester Yunayted" klubu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
Çox güman ki, Pol Andersonun gəlişi həmin layihə ilə bağlıdır və o, Bakcell-in sifarişi ilə "Mançester Yunayted" haqqında videoçarx çəkəcək.
Bu xəbər həqiqətə oxşayır, lakin Pol Andersonun hazırda bir neçə layihə üzərində işlədiyini nəzərə alaraq, onun Bakıya gəlişinin əsas səbəbi hələ də məlum deyil. Buna baxmayaraq, dünya şöhrətli rejissorun Bakıya olan marağı olduqca sevindirici bir haldır. Və onun ulduz həyat yoldaşını bütün layihələrdə çəkmək adətini yada salsaq, Milla Yovoviçin də Bakıya gəlməsi istisna olunmur.
Ümumiyyətlə, Andresonun bioqrafiyasının ən maraqlı faktı onun rejissor uğurları yox, filmin ulduzu Milla Yovoviçlə evlənməsi olub.
Brüs Uillisin iştirakı ilə çəkilmiş "Beşinci element" filmindən sonra məşhurluq qazanan Milla daha sonra keçmiş həyat yoldaşı Lük Bessonun eyniadlı kinosunda Janna D`Ark rolunu oynadı.
Milla, ümumiyyətlə, həyat yoldaşını seçərkən heç vaxt səhvə yol vermir. Bunun sübutu onun 2002-ci ildə "Şər məskəni" filminin 1-ci hissəsinin çəkiliş meydançasında Pol Andersona rast gəlməsidir. Məhz bu görüş aktrisa üçün həlledici məqama çevrilib və onun adı ən məşhur ulduzların sırasına yazıldı.
Çəkiliş zamanı filmin baş qəhrəman qadını və rejissor arasında başlanmış eşq macərası artıq 10 ildir ki davam etməkdədir. Bu müddət ərzində Milla filmin beş hissəsində çəkilib, böyük qazanc əldə edib və Pol üçün gözəl Ever Qarbo adlı qız dünyaya gətirib.
Pol isə öz növbəsində "əsl qəhrəmanlar kölgədə qalır" prinsipinə sadiq qalaraq, ulduz xanımının yanında dayanıb sevdiyi işi ilə, yəni kino ilə məşğul olub.