...

"Microsoft"a yeni baş direktor təyin olunub

Telekommunikasiya Materials 10 Fevral 2014 14:23 (UTC +04:00)
"Microsoft" korporasiyasının Direktorlar Şurasının qərarı ilə Satya Nadella korporasiyanın yeni baş direktoru vəzifəsinə təyin edilib.
"Microsoft"a yeni baş direktor təyin olunub

Azərbaycan, Bakı, 10 fevral /Trend/

"Microsoft" korporasiyasının Direktorlar Şurasının qərarı ilə Satya Nadella korporasiyanın yeni baş direktoru vəzifəsinə təyin edilib.

"Microsoft Azerbaijan" şirkətindən bazar ertəsi Trend-ə verilən məlumat görə, o, artıq öz işinə başlayıb və "Microsoft"un Direktorlar Şurasının üzvü olub. Bundan öncə S.Nadella "Microsoft"un "bulud" sistemləri üzrə bölməsinin icraçı vitse-prezidenti vəzifəsində çalışıb.

"Bu transformasiya müddətində "Microsoft""u S.Nadelladan yaxşı heç kim idarə edə bilməz. Satya mühəndislik sahəsində böyük təcrübəyə malik və işçiləri birləşdirə biləcək bir liderdir. Onun texnologiyaların necə istifadə olunacağı uzaqgörənliyi - bizə lazım olan amildir, belə ki, korporasiya innovasiya məhsulları sahəsinin genişləndirilməsi və artımı istiqamətində yeni mərhələyə başlayır", - deyə "Microsoft"un təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts bildirib.

S.Nadella 1992-ci ildən etibarən "Microsoft"da çalışır. 46 yaşlı top-menecer korporasiyanın 38 illik tarixində sayca üçüncü baş direktor olacaq. S.Nadella karyerasının 22 ili ərzində korporasiyanın "Bing", "Xbox", "Office" və digər sürətlə inkişaf edən bizneslərinin icraçı direktoru vəzifəsində də çalışıb.

"Microsoft" - dünyanı texnologiyalar vasitəsilə inqilabiləşdirmiş nadir şirkətlərdən biridir və mən bu şirkətə rəhbərlik etməkdən fəxr duyuram. "Microsoft" böyük imkanlara və perspektivlərə malikdir, lakin onlara nail olmaq üçün biz daha sürətli olmalı və transformasiyanı davam etdirməliyik. Mənim başlıca vəzifəm müştərilərimiz üçün innovasiya məhsullarını yaxçılaşdırmaq daha tez hazırlamaqdan ibarətdir", - deyə S.Nadella qeyd edib.

"Microsoft" korporasiyası həmçinin bildirib ki, korporasiyanın Direktorlar Şurasının hazırkı sədri Bill Qeyts bu vəzifəni tərk edərək, şirkətdə yeni baş direktorun texniki məsləhətçisi kimi çalışacaq. "Microsoft"un Direktorlar Şurasının sədri vəzifəsinə Şuranın aparıcı müstəqil direktoru Con Tompson təyin edilib.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti