...

Milli startapların beynəlxalq bazarlara çıxarılması üzrə işlər görülür (Müsahibə) (FOTO/VİDEO)

Telekommunikasiya Materials 1 May 2023 10:36 (UTC +04:00)
Milli startapların beynəlxalq bazarlara çıxarılması üzrə işlər görülür (Müsahibə) (FOTO/VİDEO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Enterprise Azerbaijan" dövlət portalı "Startap School" layihəsi çərçivəsində 200 startap layihəni qeydiyyatdan keçirib.

Bunu Trend-ə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva deyib.

Onun sözlərinə görə, təkcə fevral ayında qeydiyyatdan keçmiş layihələrin sayı 50-ə yaxın olub.

O qeyd edib ki, "Enterprise Azerbaijan" "Startap School" layihəsi çərçivəsində fevral-mart ayları ərzində 200 startap layihəni qeydiyyatdan keçirib. 200 layihədən finala 33-ü keçib və həmin layihələr azərbaycanlı ekspertlərlə yanaşı, ABŞ, Türkiyə, İsrail və digər aparıcı ölkələrdən mentorların dəstəyi ilə inkişaf etdiriləcək.

"Finala keçən startapçıların layihələrinin ideyalardan biznesə reallaşdırılacağını, beynəlxalq standartlara uyğunlaşdırılacağını və investorlara təqdim olunacağını gözləyirik. "Enterprise Azerbaijan" portalımız da öz növbəsində startapçıların xarici bazarlara çıxmaları üçün lazımi bütün köməkliyi göstərəcək. Əsas məqsədimiz layihənin maliyyələşdirilməsi və qlobal bazarlara çıxması üçün potensial investorlara təqdim olunmasıdır", - deyə o vurğulayıb.

M.Musayeva qeyd edib ki, "Startap School"da qeydiyyatdan keçmiş layihələrin əksəriyyəti təhsil, səhiyyə, sosial sektor və digər sahələrə aiddir.

"Qeydiyyatdan keçmiş layihələrin 67,4 faizi 15-25 yaş arası gənclərin layihələridir. Bundan başqa, iştirakçılar arasında üç nəfərin yaşı 50-dən yuxarı və iki nəfərin yaşı 15 yaşdan aşağıdır. Qeydiyyatdan keçən layihələrin iştirakçıları, Azərbaycan, ABŞ, Türkiyə və İsraildən olan mentorlar tərəfindən bir ay ərzində təlim alacaqlar. Qeydiyyatın birinci günündən müşahidə olunan aktivlikdən razıyıq. Qəbul edilən müraciətlərin sayı bir daha sübut etdi ki, startap ekosisteminə dair biliklərin əldə edilməsi gənclərdə böyük maraq doğurur. Eyni zamanda digər ölkələrdən də müraciətlərin olması çox sevindiricidir. Ekspertlər tərəfindən 12 nominasiya üzrə seçilmiş layihələr arasında Türkiyə (yeddi layihə), ABŞ, Almaniya və İrlandiyadan layihələr var. Bunlardan 36 faizi qadınların layihələridir. Altı layihə texnologiya sferası üzrə, dörd layihə təhsil, sosial, maliyyə və digər sahələrdə seçillib", - o deyib.

Dövlət portalının rəhbəri bildirib ki, "Enterprise Azerbaijan" milli startapların beynəlxalq bazarlara çıxarılması üzrə işlər görür.

"Yerli biznes layihəsinin beynəlxalq səviyyədə qəbul edilməsi üçün qlobal məsələlərin həllinə yönəlməsi daha məqsədəuyğundur. "Qlobal səviyyədə düşün, yerli səviyyədə hərəkət et" prinsipi üzrə fəaliyyət göstərmək startaplarımızın beynəlxalq səviyyəyə çıxışında əsas prinsiplərdən biridir. Hər bir startapçı bazar tədqiqatına peşəkar yanaşmalı, müştəri bazasını düzgün müəyyən etməli və yaratdığı məhsulun unikallığına, habelə marketinq məsələlərinə xüsusi diqqət yetirməlidir. "Startap" anlayışını "kiçik biznes" anlayışından fərqləndirmək çox vacibdir. Kiçik biznes konsepsiyası mahiyyətcə ənənəvi biznesin kiçik forması və ya surətidir. Startapda bu yanaşma innovativ və digər metodologiyanın tətbiqində təzahür edir. Burada əsas məsələ bazardakı boşluqları gəlir mənbəyinə çevirməkdir. Bundan başqa, startap daima artmaqda olan və üç əsas xüsusiyyətinə görə - dinamik, real və əlçatan olması ilə - kiçik biznesdən prinsipial cəhətdən fərqlənən prosesdir. Startaplar bazarın tələblərinə çevik adaptasiya olmalı, bazarda rəqabət qabiliyyətli, həmçinin bütün növ innovasiya və dəyişikliklər üçün açıq olmalıdır. Startapların təklif etdiyi xidmət və məhsullar aktual və əlçatan olmalıdır. Bunun üçün mütəmadi olaraq bazarı araşdırmaq, rəqibləri düzgün qiymətləndirmək və yeni brendləri yaradıcı şəkildə təqdim etmək lazımdır. Eyni zamanda startapların təklif etdiyi xidmət və məhsullar əlçatan olmalı və reallaşdırılması mümkün olmayan miflərə əsaslanmamalıdır. Müasir, xüsusən texnologiya sahəsindəki startaplar üçün yerli bazarlardan asılılıq və inkişaf dövrü yaınız yerli bazar şəraitində sona çatıb. Statistikaya görə, texnologiya sahəsində fəaliyyət göstərən startapların 80 faizdən çoxu əsası qoyulduğu andan beynəlxalq bazarın iştirakçısına çevrilir. Bu səbəbdən milli startapların beynəlxalq bazara çıxması və orada təmsil olunması üçün ciddi işlər görmək lazımdır, "Enterprise Azerbaijan" məhz bununla əlaqədar olaraq gənc startapçılara imkan yaradır", - M.Musayeva deyib.

Onun sözlərinə görə, qlobal bazarlara çıxış məqsədlərinə nail olmaq üçün həm daxili, həm də xarici bazarları və auditoriyasını düzgün qiymətləndirmək, habelə müvafiq araşdırma aparmaq lazımdır.

"Rəqabət strategiyasını düşünmək lazımdır, çünki texnologiyalar sektoru sürətlə inkişaf etməkdədir və daimi inkişafın və innovasiyaların tətbiqinin lazım olduğu fəaliyyət sahələri arasında ən rəqabətli olanlardan biridir. "Enterprise Azerbaijan" Estoniya, İrlandiya, ABŞ, Türkiyə, İsrail və digər ölkələrdən olan həmkarları ilə birlikdə azərbaycanlı startapçıların dünya bazarlarına çıxmasına dəstək göstərib və biz gənc mütəxəssislərə istər xarici bazarlara çıxmaqda, istərsə də investisiyalar cəlb etməkdə köməklik göstərməyə davam edəcəyik", - portal rəhbəri deyib.

M.Musayeva Azərbaycanın rəqəmsal və startap ekosisteminin inkişafı üzrə böyük perspektivlərə malik olduğunu əlavə edib.

"Yüksək göstəricilərə nail olmaq üçün azərbaycanlı startapçılara bazarın təhlilində, habelə layihə ideyalarında dəstək göstərmək lazımdır. Hesab edirəm ki, investorların və sahibkarların, o cümlədən vençur fondlarının hüquqlarının müdafiəsini gücləndirmək, dövlət tərəfindən vençur fondların dəstəklənməsini və maliyyələşdirilməsini təmin etmək, startapların və elmi tədqiqatların dünya bazarlarına çıxışını sadələşdirmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda təhsil, tibb, iqtisadiyyat, ekologiya, sosial sahə böyük inkişaf potensialına malikdir. Azərbaycanda statistika baxımından təhsil sahəsində layihələr üstünlük təşkil edir. Lakin son tendensiyalar həmçinin texnologiyalar, xüsusən maliyyə texnologiyaları sahəsində layihələrdə artım nümayiş etdirir", - Mətanət Musayeva yekun olaraq deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti