Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 9 tələbənin "İnformasiya və telekommunikasiya texnologiyaları" ixtisası üzrə təhsil alması üçün lazımi sənədləri ABŞ, Malayziya və Ukrayna universitetlərinə göndərib. Nazirlikdən Trend ə verilən məlumata görə, 3 nəfərin sənədləri Corc Meyson adına Universitetə, 2 nəfərinki Malayziya Texniki Universitetinə, 4-kü isə Odessa Rabitə Akademiyasına göndərilib.
Adıçəkilən məktəblərdə təhsil almaq istəyənlərin seçimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından rəy aldıqdan sonra Rabitə Nazirliyinin xüsusi komissiyası tərəfindən keçirilib.
"Bu 9 nəfər müsabiqənin bütün tələblərinə cavab verir. Azərbaycan vətəndaşlıqları var, ingilis (TOEFL sertifikatı) və rus (Odessada təhsil almaq üçün) dillərini gözəl bilirlər və ali təhsil məktəblərinə qəbul zamanı 550-688 bal toplayıblar", - deyə nazirlikdən bildiriblər.
Ukraynaya təhsil almaq üçün göndərilən tələbələrin oktyabrın sonuna kimi, qalanlarının isə yaz semestrinə çatması üçün gələn ildən gec olmayaraq gedəcəkləri istisna edilmir.