Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti informasiya texnologiyaları məsələləri üzrə GUAM-ın işçi qrupunun iclasında iştirak edəcək. Nazirlikdən Trend -ə verilən məlumata görə, nümayəndə heyətinə informasiya cəmiyyətinin inkişafı üzrə şöbənin rəhbəri Rüfət Gülməmmədov rəhbərlik edəcək.
Görüş dekabrın 6-sı Moldovada keçiriləcək, lakin Rabitə Nazirliyinin nümayəndələri bu ölkənin Rabitə Nazirliyində keçiriləcək görüş üçün bir neçə gün də yubanacaqlar. Birgə əməkdaşlıq planları, imzalanmış saziş əsasında informasiya texnologiyaları sferasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirə olunması planlaşdırılır.
Azərbaycan və Moldova hökümətləri arasında informasiyalaşdırma və informasiya texnologiyaları sferasında "Əməkdaşlıq haqqında" saziş dövlət başçısı İlham Əliyevin 2005-ci ilin aprelində Moldovaya səfəri zamanı imzalanıb.