...

Prezident İlham Əliyev: Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır (FOTO)

Siyasət Materials 11 Noyabr 2011 22:40 (UTC +04:00)
Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Macarıstan Prezidenti Pal Şmittlə görüşdən sonra mətbuata bəyanatında deyib.
Prezident İlham Əliyev: Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Bu gün müzakirə etdiyimiz məsələlərin arasında regional təhlükəsizlik məsələlərinə də toxunduq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini mən Sizə ifadə etdim. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Macarıstan Prezidenti Pal Şmittlə görüşdən sonra mətbuata bəyanatında deyib.

"Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşıb. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır" İlham Əliyev deyib.

Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir.

"Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilmişdir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirmişdir. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaq" dövlət başçısı çıxışında bildirib.

İlham Əliyev deyib ki, onlar bu gün, eyni zamanda, energetika sahəsində əməkdaşlığa da öz münasibətini bildiriblər.

"Bu sahədə Macarıstan ilə Azərbaycan arasında əlaqələrin çox gözəl perspektivləri vardır. Mən ümid edirəm ki, yaxın illərdə bu sahədə, xüsusilə qaz sahəsində ölkələrimiz arasında əməkdaşlığın yeni formaları yaranacaqdır. Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təşəbbüsümüzlə həyata keçirilən enerji layihələri nəinki bizim, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığımız çox uğurludur. Azərbaycan nefti artıq bir neçə il ərzində Avropa bazarlarına çıxarılır və əminəm ki, qazla bağlı təşəbbüslərimiz də bizə eyni səviyyədə uğur gətirəcəkdir. Əlbəttə ki, enerji sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcəkdir. Mən çox şadam ki, ölkələrimizin enerji şirkətləri də çox sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlıq əlbəttə ki, ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdədir" İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı uğurlu əməkdaşlıq edir.

"Bu məsələ ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında Bəyannamə imzalanmış, işçi qrupu yaradılmışdır. Hazırda işçi qrupunun nümayəndələri çox sıx əməkdaşlıq edərək "Cənub" qaz dəhlizinin reallaşması üçün səylərini göstərməkdədirlər. Bir sözlə, enerji sahəsindəki əməkdaşlıq bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulubdur. Əminəm ki, bu əməkdaşlığın çox gözəl gələcəyi vardır. Bununla bərabər, qeyd etməliyəm ki, bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Macarıstan bütün dövrlərdə bu əməkdaşlığa öz dəstəyini vermişdir. Biz bu dəstəyi bu gün də hiss edirik və buna görə Sizə minnətdarıq.
Bu yaxınlarda "Şərq tərəfdaşlığı" sammiti keçirilmişdir və Azərbaycan sammitdə iştirak etmişdir. Bu sammit, əldə edilmiş nəticələr imkan verəcək ki, növbəti illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoysun. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. Bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət və etimad üzərində qurulur" Prezident qeyd edib.
İlham Əliyev, həmçinin deyib ki, iki ölkə arasında mədəniyyət, humanitar sahədə əməkdaşlığın qədim tarixi kökləri vardır.

"Eyni zamanda, indiki dövrdə də bu sahədə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açılır. Bizim ölkələrin vətəndaşları bir-birini daha da yaxından tanımalıdırlar, daha da sıx təmasda olmalıdırlar. Əminəm ki, Sizin səfəriniz və bizim cəmiyyətlərə göndərilən çox gözəl və müsbət siqnal əlbəttə, insanlar arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir.
Bütövlükdə, cənab Prezident, qeyd etməliyəm ki, biz Macarıstan ilə əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bir daha demək istəyirəm ki, bu əməkdaşlığın artıq gözəl tarixi vardır. Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Münasibətlərimizin mahiyyəti və məzmunu da çox dəyərlidir. Ən önəmlisi ondan ibarətdir ki, perspektivlər də çox ümidvericidir" dövlət başçısı bildirib.

İki ölkə arasında çox gözəl siyasi əlaqələrin olduğunu deyən dövlət başçısı bildirib ki, bu əlaqələr artıq sınaqdan keçib.

"Biz beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik və Sizin səfəriniz əlbəttə ki, siyasi əlaqələrə yeni təkan verəcək. Mən bilirəm ki, Sizinlə birlikdə Azərbaycana biznes dairələrini təmsil edən böyük heyət gəlmişdir. Bu gün Macarıstan-Azərbaycan biznes forumu da keçirilib və əminəm ki, biznes dairələri arasında olan əlaqələr iqtisadi əməkdaşlığımıza da güclü təkan verəcək. Çünki biz bu sahədə hələ işləməliyik. İqtisadi əməkdaşlıq siyasi əməkdaşlığın səviyyəsinə çatmalıdır. Əminəm ki, biznes forumun keçirilməsi bu işdə bizə kömək göstərəcək.
Mən hesab edirəm ki, iqtisadi sahədə uğurlu əməkdaşlıq aparmaq üçün çox yaxşı imkanlar, perspektivlər vardır, ölkələrin potensialı da kifayət qədər güclüdür. Sadəcə, biznes strukturları bir-biri ilə daha da sıx əlaqədə olmalıdırlar. Əminəm ki, biz bu sahədə də gözəl nəticələri görəcəyik" İlham Əliyev çıxışında deyib.

Xəbər lenti

Xəbər lenti