...

Azərbaycan və Belarus birgə məhsulların çeşidini genişləndirəcəklər

Araşdırma Materials 22 Noyabr 2013 19:03 (UTC +04:00)
Azərbaycan və Belarusun gələcəkdə iqtisadi əməkdaşlığı genişləndirmək və illərlə əldə olunmuş müsbət irəliləyişi saxlamaq üçün bütün imkanları var.
Azərbaycan və Belarus birgə məhsulların çeşidini genişləndirəcəklər

Ellada Xankişiyeva, Trend-in Analitik mərkəzinin rəhbəri

Azərbaycan və Belarusun gələcəkdə iqtisadi əməkdaşlığı genişləndirmək və illərlə əldə olunmuş müsbət irəliləyişi saxlamaq üçün bütün imkanları var. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə görüşündə qeyd etdiyi kimi, son illər ərzində Azərbaycanla Belarus arasında münasibətlər çox böyük yol keçib və çox yüksək səviyyəyə çıxıb.

Belarus və Azərbaycan ənənəvi ticarət tərəfdaşıdırlar. 2006-cı ildən 2012-ci ilədək ölkələr arasında əmtəə dövriyyəsi altı dəfə artıb. Azərbaycana Belarusdan ixrac olunan mallar əsasən maşınqayırma, neft-kimya, ağac emalı sənayesi məhsulları və tikinti materialları, ərzaq malları, dərman vasitələri, məişət texnikasıdır. Öz növbəsində, Belarus Azərbaycandan neft, kənd təsərrüfatı məhsulları, sintetik kompleks saplardan parçalar, kimya sənayesi məhsulları idxal edir. A.Lukaşenkonun sözlərinə görə, iki ölkənin əmtəə dövriyyəsi həcminə görə daha yaxşı və böyük ola bilər.

Ölkələr arasında kooperasiya əlaqələri, o cümlədən Azərbaycan-Belarus məhsullarının birgə istehsalı sabit və davamlı inkişaf edir. Texnikanın adi quraşdırılmasından başlayaraq, bu gün artıq onlardan bir çoxunun, həmçinin traktor, avtomobil, avtobusların və s. birgə istehsalında 40-60 faiz lokallaşma dərəcələrinə nail olunub. Hazırda Azərbaycanda Belarus traktorları, yük maşınları, avtokranlar, kommunal xidmətlər üçün texnikalar, optik avadanlıqlar və liftlərin quraşdırılması həyata keçirilir. Gəncə Avtomobil Zavodu istehsal kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının lideridir. Onun bazasında reallaşdırılan birgə layihə bu müəssisəyə regionda ən böyük mürəkkəb texniki maşınqayırma məhsulunun istehsalçısı olmağa imkan verəcək. Bütün bu amilləri nəzərə alaraq, tərəflər belə nəticəyə gəliblər ki, keyfiyyətin bütün standartlarına cavab verən birgə Azərbaycan-Belarus məhsulunu dünya bazarlarına çıxarmaq lazımdır. Bu məhsulun rəqabətə davamlılığı üçüncü ölkələrin bazarlarında ona tələbata zəmanət verə bilər.

Həmçinin, Belarusda ciddi inkişaf etmiş sahələrdə, xüsusilə, tibbi preparatların birgə istehsalının genişləndirilməsi geniş müzakirə edilib. Belarus öz texnologiyalarını təklif etməyə və gələcəkdə dünya ticarət arenasına çıxarmağın mümkün olacağı dərman preparatlarının istehsalı prosesinin detallarını da bölüşməyə hazırdır.

Belarusun şəxsi xammal enerji mənbələrinin yoxluğu enerji sahəsində iki ölkənin iqtisadi maraqlarının yaxınlaşmasına imkan yaradır. Məlum olduğu kimi, 2011-ci ildə Azərbaycan neftinin Belarusa tədarükünə başlanılıb.

Öz növbəsində, azərbaycanlı sahibkarlar, qida və ticarət-logistika mərkəzləri məhsullarının istehsalı üzrə müştərək müəssisələrin yaradılması, eləcə də Azərbaycan banklarının nümayəndəliklərinin açılması, restoran biznesi, turizm sahəsində fəaliyyətin həyata keçirilməsi, mehmanxana tikintisi və s. vasitəsilə Belarus bazarına daxil olmaqda maraqlıdırlar.

Prezident A,Lukaşenko Azərbaycanın iş adamlarını maraqlandıra biləcək layihələrə daha geniş investisiyaların qoyulmasına çağırıb: "Əgər sizə maraqlıdırsa və siz neft-kimyaya, kənd təsərrüfatına, xüsusilə, sizin Prezidentinizin diqqət ayırdığı əczaçılıq sənayesinə sərmayə qoymağa hazırsınızsa, biz hazırıq və sizi təkliflərinizlə gözləyirik". Xüsusilə, Belarusda özəlləşdirmə prosesində Azərbaycan müəssisələrinin iştirakının mümkünlüyü qeyd edilib.

Göründüyü kimi, ölkələr arasında iqtisadi münasibətlər inkişaf edir, amma gözləntilərə əsasən, əmtəə dövriyyəsinin ikiqat artması, birgə layihələrin sayının çoxalması, həmçinin əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi Belarus Prezidentinin Azərbaycana səfərinin nəticəsi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti