...

Suriya Türkiyə ilə savaşa hazırlaşır

Nəzər nöqtəsi Materials 22 Noyabr 2011 10:42 (UTC +04:00)
Ərəb Ölkələri Liqasının Suriyada qanlı toqquşmaların dayandırılması üçün təqdim etdiyi plana baxmayaraq, qarşıdurmanın davam edəcəyi və bu planın tez bir zamanda iflasa uğrayacağı heç kimdə şübhə doğurmurdu.
Suriya Türkiyə ilə savaşa hazırlaşır

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Ərəb Ölkələri Liqasının Suriyada qanlı toqquşmaların dayandırılması üçün təqdim etdiyi plana baxmayaraq, qarşıdurmanın davam edəcəyi və bu planın tez bir zamanda iflasa uğrayacağı heç kimdə şübhə doğurmurdu.

Toqquşmaların uzanması baxmayaraq, Prezident Bəşşar Əsədin hələ də hakimiyyətdə qalması bir daha onu sübut edir ki, Suriya hakimiyyəti güman edildiyi qədər də zəif deyil, əksinə, hakimiyyətin baş verənlərə qarşı yetərincə immuniteti var.

Əslində oxşar problem Dəməşq siyasi elitası üçün yeni deyil.

Tarixə nəzər salsaq, 1982-ci ildə "Müsəlman qardaşlar"ın Suriyanın Həma şəhərini ələ keçirməsini və Hafiz Əsəd rejiminin bu problemi çox "bəsit" yolla - bombardman yolu ilə həll etdiyini görərik. Baş verən hadisələrdən sonra "Müsəlman qardaşlar" hərəkatı Suriyanın siyasi həyatından demək olar ki, tam olaraq silindi.

O vaxt Hafiz Əsədin bu hərəkəti İslam fundamentalizminin qarşısının alınması üçün zəruri addım kimi qiymətləndirilsə də, bu gün Suriyada baş verənlərdə İslam amili hiss olunmayacaq dərəcədədir. Lakin bu heç də İslam amilinin olmadığı anlamına gəlmir.

Əksinə, bu gün Misir inqilabından əvvəl ABŞ-ın terror təşkilatı kimi tanıdığı, inqilabdan sonra isə danışıqlara hazır olduğu "Müsəlman qardaşlar" mövcuddur.

Belə ki, ABŞ-ın dövlət katibi Hillari Klinton iyun ayında verdiyi açıqlamada Misirdə siyasi güclərin dəyişdiyini nəzərə alan Birləmiş Ştatların ölkədəki bütün siyasi partiyalarla, o cümlədən, "Müsəlman qardaşlar"la əlaqələrini bərpa edə biləcəyini söyləyib.

Təbii ki, regiondakı qeyri-stabil vəziyyəti nəzərə alaraq, indidən ABŞ-"İxvan" (Müsəlman qardaşlar) əlaqələrinin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək doğru deyil.

Suriyada baş verən hadisələrin fonunda ən diqqəti çəkən məqamlardan biri də Yaxın Şərq üçbucağı hesab edilən Ankara-Dəməşq-Tehran münasibətləridir.

İstisnasız olaraq, baş verən hadisələrdə hər üç tərəfin öz marağı var.

Dəməşq ölkədə sabitliyi və Əsəd hakimiyyətini qoruyub saxlamağa çalışırsa, Tehran Suriya vasitəsilə regionda olan maraqlarını - "Şiə ayparası"nı qoruyub saxlamağa çalışır. Çünki Suriyada hakimiyyətin dəyişməsi İranın Livana uzanan əlinin kəsilməsinə səbəb ola bilər.

Osmanlı nüfuzuna iddia edən Ankara isə Tehranın regionda zəifləməsi ilə bu boşluğu asanlıqla doldura biləcək gücə sahib olduğu düşüncəsindədir.

Türkiyənin "Sabah" qəzetinin adı çəkilməyən xüsusi xidmət orqanlarına istinadən verdiyi məlumata görə,Suriya İsrail ilə ölkədəki müxalifətin izlənilməsi üçün sıx əməkdaşlıq edir. Qəzetin verdiyi məlumata əsasən, İsrailin pilotsuz təyyarələri toqquşmaların mərkəzi hesab edilən Həmadakı vəziyyət haqqında bütün məlumatları Suriya kəşfiyyatına ötürür. Qəzetdə o da qeyd olunur ki, noyabrın 11-də Adanada qəzaya uğrayan pilotsuz təyyarə Hataydakı Suriya düşərgələrini izləməyi planlaşdırmışdı.

Suriyada baş verən hadisələrin ilkin mərhələsində hakimiyyət orduya tam olaraq güvənirdisə, daha sonra ordudan polkovnik Riyad Musanın və kürd əsilli polkovnik Hüseyn Hörmüşün ayrılaraq "Azad Suriya Ordusu"nu təsis etməsi siyasi elitanı hərbçilərə münasibətdə siyasətinə yenidən nəzər salmağa məcbur etdi və Prezident Əsədin qardaşı Mahir Əsədə xüsusi "islahatlar" aparmaq tapşırıldı.

Kürd əsilli Hüseyn Hörmüşə gəlincə isə, Suriya müxalifətinin iddiasına görə, Türkiyəyə qaçan polkovnik türk xüsusi xidmət orqanları tərəfindən Suriya daxilində həbs edilən türkiyəli zabitlərlə dəyişdirilib, daha sonra Suriyada edam edilib.

Məhz polkovnik Hüseyn Hörmüşün qətli kürdlərin kəskin etirazına səbəb olmuşdu.

Suriyada gözlənilən inqilabın baş tutmamasının əsas səbəblərindən biri də bu vaxta qədər hakimiyyətə qarşı vuruşan silahlı ordunun olmamasıdır.

"Azad Suriya Ordusu"nun təsis edilməsi isə Əsəd hakimiyyətinin zəifləməsinə gətirib çıxaran amillərdən biri ola bilər.

Baş verən hadisələrin fonunda isə Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim maraqlı bir bəyanatla çıxış edib. "Məcbur qalsaq, hakimiyyətin və sabitliyin qorunması üçün vuruşacağıq", - XİN rəhbəri deyib.

Təbii ki, yetərincə siyasi təcrübəyə malik Suriya rəsmisinin belə bəyanatla çıxış etməsi təsadüfi deyil və bu, daxilə yönəlmiş bəyanat deyil. İstisnasız olaraq, bu bəyanatın Türkiyəyə ünvanlandığını söyləmək olar.

Suriya siyasi elitası yaxşı bilir ki, inqilab dalğasının quruma üzv ölkələrə sirayət edəcəyindən ehtiyatlanan Ərəb Ölkələri Liqası Dəməşqə qarşı ciddi addım atmayacaq, real təhlükə isə Ankaradır.

Hətta "İxvan"ın Suriya bürosunun rəhbəri Riyad Şufka Suriya xalqının Qərbin deyil, yalnız Türkiyənin müdaxiləsini istədiyini bildirib.

Ehtimallar onu söyləməyə əsas verir ki, gec-tez Ankara Suriyada baş verən proseslərə hərbi müdaxilə edəcək. Təbii ki, bu, PKK terroru ilə üz-üzə olan və bu kartdan Ankaraya qarşı istifadə ediləcəyini bilən Türkiyə üçün asan olmayacaq. Digər tərəfdən isə İraqda uzun illərdən bəri fəaliyyət göstərən "Mehdi ordusu"nun Suriyaya keçəcəyi də istisna edilmir.

Ankaranın ehtimal edilən müdaxiləsindən sonra hakimiyyətin devrilməsi ilə Qəddafi ssenarisinin təkrarlanacağından ehtiyat edən Bəşşar Əsədin İranda sığınacaq alacağı istisna deyil.

Xəbər lenti

Xəbər lenti