...

AKP - köhnə lider, yeni strategiya

Nəzər nöqtəsi Materials 1 Oktyabr 2012 12:07 (UTC +04:00)
Dünən Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dördüncü qurultayı keçirildi. Qurultayda ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən hakim partiyanın lideri seçildi.
AKP - köhnə lider, yeni strategiya

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Dünən Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dördüncü qurultayı keçirildi. Qurultayda ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yenidən hakim partiyanın lideri seçildi. Əslində, Ərdoğanın yenidən AKP lideri seçiləcəyi heç kimdə şübhə doğurmurdu.

Bir çox siyasi analitiklər Baş nazir Ərdoğanın yenidən AKP lideri seçilməsini partiya daxilində ona alternativ şəxsin olmaması ilə izah edirlər.

AKP qurultayının Türkiyənin daxili siyasətinə yönəlmiş olduğu iddia edilsə də, qurultayda müzakirə edilən mövzuların nəticəsi kimi, bunun xarici siyasətə də yönəlmiş olduğunu görmək olar.

Qurultay zamanı ən yadda qalan məqamlardan biri bir vaxtlar Xalqın Səsi Partiyasının (HAS) lideri, "Milli görüş" ideyasına sahib Numan Kurtulmuşun da partiyanın bağlanmasından sonra AKP İdarə Heyətinə namizəd kimi təqdim edilməsi idi.

Digər yadda qalan məqamlardan biri isə Baş nazir Ərdoğanın verdiyi açıqlama oldu. Ərdoğan "Bunu bir vida kimi qəbul etməyin. Son dəfədir ki, namizədliyimi irəli sürürəm", - deyə bildirdi.

Baş nazirin bu bəyanatı ilə Xalqın Səsi Partiyasının (HAS) lideri Numan Kurtulmuşun qurultayda İdarə Heyətinə namizədliyinin irəli sürülməsində bir başa əlaqə olmasa da, ehtimallar onu söyləməyə əsas verir ki, hakim partiyanın gələn qurultayında məhz Kurtulmuşun partiya liderliyinə namizədliyi gündəmə gələcək.

Qurultay sadəcə "yeni" liderin seçilməsi ilə deyil, eyni zamanda müzakirə mövzuları ilə də yadda qaldı. Təbii ki, gündəmdə Suriya mövzusu, PKK terror təşkilatı ilə mübarizə, Fələstin mövzusu , Myanmada (Birma) etnik müsəlmanlara qarşı törədilən cinayətlər, Türkiyə-Ermənistan münasibətləri və Misir-Türkiyə münasibətləri müzakirə olundu.

Maraqlısı isə o idi ki, müzakirə olunan mövzuların fonunda Türkiyə-Avropa İttifaqı əlaqələrinə demək olar ki, bir o qədər də yer verilmədi.

AKP qurultayında PKK terror təşkilatının müzakirəsinə gəlincə isə, Baş nazir qurultayda kürdlərə açıq ismarıc verərək, "kürd qardaşlarımızla, yol xəritəsini hazırlamaq istəyirik. Gəlin bu problemləri, şiddət və silahla deyil, siyasətlə həll edək", - deyə bildirdi.

Bu açıqlamadan əvvəl isə Baş nazir ölkədə terror təhlükəsinin bitmədiyini, lakin bitməsi üçün danışıqların aparılacağını qeyd etdi.

Bir çox Türkiyə KİV-inin verdiyi məlumata görə, Baş nazir hətta İmralı adasında həbsdə saxlanılan Abdullah Öcalan ilə də müzakirələrin ola biləcəyini istisna etməyib.

Rəsmi Ankara bundan əvvəl də terrorun bitməsi üçün qərarlılıq nümayiş etdirsə də, bu məsələnin yenidən gündəmə gəlməsi əslində Suriyada baş verən hadisələrdən qaynaqlanır. Əslində, Ankara yaxşı bilir ki, Suriyadakı mövcud hakimiyyət gec-tez dəyişəcək və Bəşşar Əsədin getməsi ilə Suriyanın şimalında yeni "kürd dövlətinin" yaranması gündəmə gələcək.

Bu isə Ankara üçün sözün əsl mənasında ciddi başağrısına çevriləcək. Məhz buna görə də, Ankara tez bir zamanda nəyin bahasına olursa olsun, PKK-nın regionda fəaliyyətinin qarşısını almaq niyyətindədir.

Baş nazir Ərdoğanın qurultaydakı nitqi zamanı Türkiyə-Aİ münasibətlərinə bir o qədər də əhəmiyyət verməməyi əslində, Ankaranın Aİ-yə açıq bir ismarıcı və uzun illər açıqlanmayan strategiyanın başlanılması kimi dəyərləndirilməlidir.

Bu strategiyaya görə, Ankara üçün prioritet sonu görünməyən Avropa tunelini addımlamaq deyil, Yaxın Şərqin super gücünə çevrilmək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti