...

Suriya müxalifəti və Bəşşar Əsəd çətin ki razılığa gəlsinlər

Nəzər nöqtəsi Materials 15 Yanvar 2013 13:38 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar Əsədin yanvarın 6-da müxalifəti barışa çağıraraq ölkədə stabilliyin əldə edilməsi üçün milli xartiyanın yaradılmasından sonra referendum keçirilməsi təklifi müxalifət tərəfindən birmənalı şəkildə rədd edildi.
Suriya müxalifəti və Bəşşar Əsəd çətin ki razılığa gəlsinlər

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Suriya Prezidenti Bəşşar Əsədin yanvarın 6-da müxalifəti barışa çağıraraq ölkədə stabilliyin əldə edilməsi üçün milli xartiyanın yaradılmasından sonra referendum keçirilməsi təklifi müxalifət tərəfindən birmənalı şəkildə rədd edildi.

Suriya müxalifəti verdiyi açıqlamada ölkədə hərbi cinayətlərin səbəbi olan rejim təmsilçisinin ölkənin gələcək taleyində iştirak etməsinin qeyri-mümkün olduğunu bildirdi.

Bəşşar Əsədin yeni olmayan bəyanatından sonra yanvarın 14-də Suriya XİN daha maraqlı açıqlama ilə çıxış edərək, Bəşşar Əsədin 2014-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi bildirildi.

XİN-in bəyanatında o da qeyd olunurdu ki, Prezident Bəşşar Əsəd hakimiyyətin təhvil verilməsi üçün aktiv rol oynamağa hazırdır.

İlk baxışdan Əsədin atdığı addımlar ölkədə stabilliyin bərpası üçün əvəzolunmaz hesab edilsə də, hakimiyyətin hazırda ölkədə baş verənləri nəzarət altında saxlaya bilmədiyi açıq şəkildə görünür.

Nəzərə alınsa ki, 2006-ci ildə yaxın müttəfiqlər olan Suriya və İran arasında müştərək müdafiə haqqında saziş imzalanıb, vəziyyətin tam olaraq belə qalacağı da bir o qədər inandırıcı deyil.

Hətta İranın müdafiə naziri Əhməd Vəhidi ölkənin Fars agentliyinə verdiyi açıqlamada İran və Suriya arasında olan hərbi razılaşmanın qüvvədə olduğunu, lakin terrorçu qrupların hücumuna məruz qalan Suriyanın bu vaxta qədər İrandan kömək istəmədiyini bildirib.

Prezident Bəşşar Əsədin 2014-cü il seçkilərində iştirak etmək istəyini isə sadəcə İran və Rusiyanın ölkədəki maraqlarının qorunması istiqamətində atılan addım kimi qiymətləndirmək olar.
Çünki hər iki ölkə rəsmiləri verdikləri açıqlamalarda Bəşşar Əsədin hakimiyyətdə qalmasının zəruriliyini bildiriblər.

Ərəb dövlətlərinin İranın alınmaz qalası hesab etdikləri Suriyada Rusiyanın maraqlarına gəlincə isə, burda siyasi maraqlarla yanaşı, hərbi maraqların da olduğu istisna deyil. Xüsusən də Suriyanın Tartus şəhərindəki əsası 1971-ci ildə qoyulan Rusiyaya məxsus hərbi dəniz donanmasının gələcək taleyi.

Tartusun gələcək taleyi ilə bağlı Rusiya və Türkiyə arasında danışıqların aparıldığı da istisna edilmir. Belə ki, Türkiyənin xarici işlər nazirinin müşaviri Firuddin Sinirlioğlunun Rusiyaya səfəri zamanı əsas müzakirə obyektindən birinin də məhz Tartus hərbi dəniz donanmasının gələcək taleyi olduğu, lakin tərəflərin bu məsələ ilə bağlı heç bir nəticə əldə etmədikləri bildirilir.

Təbii ki, Tartusdakı hərbi dəniz donanması Rusiya üçün Yaxın Şərqdə ən önəmli bazalardan biridir və bu bazanın itirilməsi Moskvanın regiona təsir etmə imkanlarını qismən də olsa zəiflədə bilər.

Suriya müxalifətinin Moskva və Tehranın dialoq təkliflərini birmənalı olaraq rədd etməsi onu göstərir ki, Bəşşar Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə, ölkədə Rusiya və İranın maraqlarını güdəcək heç bir alternativ olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti