...

Bu ilki Eurovision indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq - Yorq Qraboş

Eurovision-2012 Materials 25 Yanvar 2012 08:20 (UTC +04:00)
Bu ilki Eurovision indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq. Trend-in İctimai Televiziyanın saytına istinadən məlumata görə, bunu, “Brainpool” TV-nin rəhbəri Yorq Qraboş deyib
Bu ilki Eurovision indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq - Yorq Qraboş

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bu ilki Eurovision indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq. Trend-in İctimai Televiziyanın saytına istinadən məlumata görə, bunu, "Brainpool" TV-nin rəhbəri Yorq Qraboş deyib.

Çərşənbə günü "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasimin təşkili nəzərdə tutulur. "Eurovision 2011"-yə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edəcək. Eləcə də müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və loqo ilə şüarın təqdimatı da olacaq.

"Buta Palace"da keçiriləcək təntənəli tədbirdə həmçinin "Böyük beşliyin"-Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniyanın ötənilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq. Bunun üçün isə hazırlıqlara artıq bu gündən start verilib.

Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand bildirib ki, ötən illərdə müsabiqəyə qatılmayan ölkələrin builki yarışmada iştirakı yaxşı göstəricidir: "Bu həm də Azərbaycanda keçiriləcək yarışmaya marağın yüksək olduğuna işarədir. Hazırlıqlar da yüksək səviyyədə aparılır. Müsabiqə ilə bağlı gözəl ideyalar irəli sürülüb. Mən inanıram ki, müsabiqə çox möhtəşəm keçəcək".
Nümayəndə heyətləri üzrə menecer Tahir Əliyevin fikrincə isə Eurovision səhnəsində Azərbaycan öz mədəniyyətini, Avropaya inteqrasiyasını yüksək səviyyədə əks etdirəcək bir şou göstərəcək.
Müsabiqənin Azərbacan üçün əlverişli fürsət olduğunu deyən qonaqlar hazırlıqların yüksək səviyyədə aparıldığını bildiriblər.
"Brainpool" TV-nin rəhbəri Jörg Grabosch isə bildirib ki, müsabiqənin Bakıda keçirilməsi Azərbaycan üçün böyük fürsətdir ki, öz mədəniyyətini, ölkəsini Avropaya, bütün dünyaya tanıtsın: "Çoxları Azərbaycanın Avropaya yaxınlığından, onun gözəl mədəniyyətinin olmasından xəbərsizdir. Deyərdim ki, builki Eurovision yarıması indiyədək keçirilən müsabiqələrin ən möhtəşəmi olacaq".
"Eurovision"-nun tədbirlər və kommunikasiya rəhbəri Sietse Bekker bildirib ki, müsabiqəyə hazırlıq böyük əmək və məsuliyyət tələb edir: "Bunun üçün təşkilatçıların üzərinə daha çox iş düşür. Lakin Bakı müsabiqəyə uğurla hazırlaşır. Təşkilati işlər də öz qaydasındadır."

Hazırlıqlar barədə xarici ölkələrdə də məlumatlar yayımlanır. EBU-nun kommunikasiya koordinatoru Jarmo Siim fanat ordusunu ətraflı məlumatla təmin etmək üçün çalışdıqlarını qeyd edib: "Eurovision mahnı müsabiqəsi bizim gündəlik işimizdir. Biz əsasən müsabiqəyə hazırlıqlarla bağlı internetdə məlumatlar yerləşdiririk. Bunu daha çox sosial şəbəkələr vasitəsilə həyata keçiririk".

Təqdimetmə mərasimi çərçivəsində xarici jurnalistlərlə mətbuat konfransı da keçiriləcək.

Yanvarın 25-də həmçinin "eurovision.az" saytı istifadəyə veriləcək. Möhtəşəm mərasimdə isə Eurovision 2011-in qalibləri çıxış edəcək.

"Eurovision-2011" mahnı müsabiqəsinin qalib Eldar Qasımov bu müsabiqənin həyatının ayrılmaz hissəsinə çevrildiyini deyib. "Bu çox sevindirici haldır. Mən də Nigarla orada olacam. Yəqin ki, mahnı oxuyacağıq. Eurovisionla bağlı tədbirlərdə iştirak etmək çox böyük fəxrdir. Çünki bu müsabiqə artıq həyatımızın ayrılmaz hissəsidir".

Qeyd edək ki, mayın 22 və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatmada bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti