...

Makedoniyanın "Eurovision" təmsilçisi Azərbaycan xalqına vurulub (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.Mehdiyev/

Makedoniyanı "Eurovision 2012" mahnıl müsabiqəsində təmsil edən Kaliopi Bukle Azərbaycan xalqına vurulduğunu deyib.

"Azərbaycan çox gözəl, əsrarəngiz bir ölkədir. Azərbaycan xeyli xatirələrlə yadımda qalacaq, ən mühüm isə buradakı insanlardır. Azərbaycan xalqı çox qonaqpərvər xalqdır, mülayim xalqdır və mən bu xalqa çox vuruldum", - Makedoniya təmsilçisi şənbə günü Trend-ə müsahibəsində bildirib.

Kaliopi düşünür ki, Makedoniya və Azərbaycan xalqları arasında bir çox oxşarlıqlar var.

"Mən burada özümü evdəki kimi hiss edirəm. Burada hər kəs məni üzdən azərbaycanlı kimi tanıyır və bu mənim çox xoşuma gəlir. Dünən telefonda anamla danışırdım, anam soruşanda ki necəsən, dedim, ana, narahat olma, mən sənin üçün darıxmıram, mənim burada çoxlu analarım, qardaşlarım və bacılarım var", - müsabiqə iştirakçısı deyib.

O qeyd edib ki, Azərbaycan və Makedoniya xalqları arasında oxşarlıqları daha çox musiqidə görmək olar.

"Mən həmişə hər hansı bir ölkənin qədim musiqisindən nəsə tapmağa çalışıram. Azərbaycan musiqisində isə "Sarı gəlin" məni valeh edir. Bu mahnıdakı emosiyalar mənə çox şey deyir və beləliklə, mən artıq bu mahnını öyrənməyə başladım. Mən bu mahnını oxumağa başlayarkən mənə elə gəlir ki, sanki Azərbaycan dağlarındayam, Azərbaycandan gələn işığı, saçan günəşi görürəm. Mən "Sarı gəlin" mahnısının Makedoniya dilində yeni versiyasını hazırlamağa hazıram", - Kaliopi deyib.

Makedoniya təmsilçisi qeyd edib ki, "Bakı Kristal Zalı" çox möhtəşəmdir. Qısa müddət ərzində bu cür məkanı yaratmaq sadəcə qeyri-mümkündür.

"Mən kimisə favorit etmək istəmirəm, çünki bu ədalətli olmazdı. Burada çoxlu yaxşı ifaçılar və mahnılar var", - o deyib.

Xəbər lenti

Xəbər lenti