...

Qonşu ölkələr Ermənistanda inqilabın ola biləcəyinə şübhə ilə yanaşırlar – beş ekspert

Dünya xəbərləri Materials 3 Mart 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir N.Kirtsxalia, R.Hafizoğlu, R.Ağayev, D.Xatınoğlu, A.Qasımova/ Ermənistanla qonşu ölkələrin ekspertləri bu ölkədə hətta fövqəladə vəziyyət tətbiq edildikdən sonra vəziyyətin pisləşəcəyini istisna etmirlər, lakin inqilabın ola biləcəyinə şübhə ilə yanaşırlar. Rusiyanın tanınmış eksperti Sergey Markedonov hesab edir ki, əgər Ermənistanda "məxməri inqilab"ın təşkil edilməsi məqsədi olsaydı, onda mitinq dağıdılan zaman polis və hakimiyyət layiqli müqavimətlə üzləşərdi.

Bazar günü prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı keçirdikləri nümayişlərin sonunda polis qüvvələri ilə açıq qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə və bazar günü gecə Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.

"Sözsüz ki, Ermənistanda çox sayda şəxs hakimiyyətdən narazıdır, lakin bu elə də böyük kütlə deyil ki, "narıncı inqilab" barədə danışmaq üçün bizə əsas versin" - deyə bazar ertəsi Moskvada Trend a Rusiya Federasiyasının Siyasi və Hərbi Təhlil İnstitutunun millətlərarası münasibətlər problemi şöbəsinin müdiri Markedonov bildirib.

Onun fikrincə, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır və əgər hakimiyyət güc tətbiq etməyə davam edərsə, bu onun xeyrinə olmayacaq. Əgər hakimiyyət tərəfindən müxalifətin hansısa istəkləri nəzərə alınarsa, o zaman çox güman ki, "narıncılıq" halətindən yayınmaq olar. "Ermənistanda yaranan vəziyyətin gərgin olması həmçinin onunla izah olunmalıdır ki, hazırda hakimiyyət və müxalifət kompromisli dialoqa prinsip etibarilə hazır deyil. "Biz Ermənistandakı hadisələrin arxasında kimin durduğunu tam olaraq bilməyəcəyik. Çünki müəyyən sənədləri əldə etmək mümkün deyil. Bunda həm hakimiyyətin, həm də müxalifətin günahı var" - deyə politoloq bildirib.

Markedonov xatırladıb ki, 1996-cı ildə də Ermənistanda qarşıdurma olmuşdu. O zaman prezident seçkilərində Levon Ter-Petrosyan qalib gəlmişdi və müxalifətdən olan namizəd Vazqen Manukyan kütləvi qarşıdurma təşkil etmişdi. Onun sözlərinə görə, analoji vəziyyət 2003-cü ildə Azərbaycanda, 2008-ci il yanvar ayında isə Tbilisidə baş verib. "İnsan tələfatına gəldikdə isə, bu, işin ümumi vəziyyətini ağırlaşdırır. Lakin bu, həmçinin Qırğızıstanın timsalında postsovet məkanı üçün xarakterikdir" - deyə Markedonov vurğulayıb.

Türkiyəli ekspert Arif Kəsin Ermənistanı Avropa və Rusiyanın mübarizə meydanı hesab edir və bu ölkədə inqilabın baş verməsini mümkünsüz sayır. "Belə ki, Ermənistan əhalisi daha çox Rusiyayönümlüdür, nəinki qərbyönümlü. İnqilabın baş verib-verməyəcəyini söyləmək mümkün deyil. Ümumilikdə Ermənistan əhalisi Ukrayna və Gürcüstanda olduğu kimi, narıncı inqilaba hazır deyil" - deyə bazar ertəsi Trend a Ankaradan telefonla Türkiyənin Avroasiya Strateji Aaraşdırmalar Mərkəzinin eksperti Kəsin bildirib.

Almaniyada fəaliyyət göstərən Qafqaz məsələləri üzrə ekspert, iranlı politoloq Həsən Şəriətmədari bazar ertəsi  Berlindən telefonla Trend ə bildirib ki, Ermənistan hakimiyyəti mahiyyətcə Rusiyaya bağlıdır və orada azad seçkilərin keçirilməsi qeyri-mümkundur. İranlı politoloqun fikrincə, Ermənistanda yenidən azad seçkilərin keçirilməsi qaçılmazdır. "ABŞ-ın dolayısıyla Rusiyanın nüfuzunda olan hakim partiyanın müxaliflərinə dəstəyi, həmçinin əhalinin hakimiyyətə təzyiqi davamlı olarsa, beynəlxalq nəzarətçilərin iştirakı ilə yenidən seçkilərin keçirilməsi gərginlikləri aradan qaldırmaq üçün son ant ola bilər" - deyə Şəriətmədari bildirib.

Azərbaycanlı ekspert Rasim Musabəyov hesab edir ki, Ermənistanda baş verənlər "sadəcə olaraq hakimiyyətin saxtakarlıq yolu ilə mövcudluğunu davam etdirmək istiqamətində kobud istəyidir". "Mən burada heç bir gizli kontekst görmürəm" - deyə bazar ertəsi Trend a Musabəyov bildirib.

Ermənistanda "narıncı inqilab"ın olma mümkünlüyünə toxunan Musabəyov bildirib ki, "Ermənistanda artıq səkkiz nəfər ölüb, narıncı inqilab isə rejimin sülh yolu ilə dəyişməsidir".

Gürcüstanlı politoloq Ramaz Sakvarelidze hesab edir ki, Ermənistan ictimaiyyətində baş verən qarşıdurma bu günlərdə özünü tam miqyasında göstərib. "Narazılıq siyasi elitanın ünvanına olub. Buna həmçinin Ermənistan ictimaiyyətinə kifayət qədər güclü təsirə malik olan Ermənistan diasporunun narazılığı da əlavə olundu" - deyə bazar ertəsi Tbilisidə Trend a müsahibəsində Sakvarelidze bildirib.

Rəhbərlik tərəfindən düşünülmüş addım atılmayacağı halda, Sakvarelidze qarşıdurmanın daha da güclənəcəyini proqnozlaşdırır. "Lakin fikirləşirəm ki, münaqişə silahlı qarşıdurma və vətəndaş müharibəsinə gətirib çıxartmayacaq, çünki hazırkı vəziyyətdə silah yalnız bir tərəfin əlindədir" - deyə ekspert vurğulayıb. Sakvarelidze hesab edir ki, Ermənistandakı hadisələrin regional təhlükəsizliyə təsir ehtimalları isə olduqca azdır.

Fevral ayının 20-dən Yerevanda müxalifət tərəfindən təşkil olunmuş oturaq mitinqlər, yürüşlər, eləcə də tələbə tətilləri keçirilir. Bu aksiyaların təşkilatçıları və iştirakçıları fevralın 19-da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı MSK-nın yaydığı nəticələrə etirazlarını bildirirlər.

MSK-nın yekun məlumatlarına əsasən, seçicilərin 52,82 faiz səsini toplayan, hökumətin baş naziri Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İkinci yerdə 21,5 faiz səslə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qərarlaşıb

Xəbər lenti

Xəbər lenti