Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/ "İmedi" teleşirkətinin yeni sahibi Cozef Key (İosif Kakalaşvili) kanalın informasiya siyasətinə qarışmaq niyyətində deyil. Bu barədə Key bu gün Tbilisidə, "İmedi" TV-nin baş direktoru Bidzina Barataşvili ilə görüşünün başa çatmasından sonra məlumat verib.
Görüşdə teleşirkətin yayıma başlamasının texniki məsələləri və onun informasiya siyasəti müzakirə edilib.
"Telekanalın siyasəti müstəqil olacaq. Lakin bu hakimiyyət və ya müxalifətin televiziyası olmayacaq. O Badri Patarkaçişvilinin siyasətlə məşğul olmaq haqqında qərarınadək olduğu kimi olacaq",- Key bildirib. O vurğulayıb ki, informasiya siyasəti və kadr dəyişikliklərinin bütün məsələləri Barataşvilinin səlahiyyətində olacaq.
"Bu azad insanların işləyəcəyi azad kanaldır", - Key vurğulayıb. Öz növbəsində Barataşvili bildirib ki, Keyə "İmedi" jurnalistlərinin memorandumunu verib. Memorandumda qeyd edilib ki, kanalın siyasəti azad və müstəqil olmalıdır. "Direktorlar Şurasının sədri kimi Key bu memorandumla razılaşıb", - o bildirib.