...

Qərbin Fars körfəzinə göndərdiyi təyyarədaşıyan gəmilər İranla müharibənin başlanacağı demək deyil- ekspertlər

Dünya xəbərləri Materials 13 Avqust 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust, Trend , müxbir D.Xatınoğlu, G.Əhmədova /

İran- Qərb arasında diplomatik müzakirələr hələlik dalana dirənmədiyinə görə, Fransa, ABŞ, Britaniya və Yaponiyanın Fars körfəzinə göndərdiyi xeyli sayda təyyarədaşıyan gəmilər müharibənin başlanmasına əsas ola bilməz.

"Qərbin Fars körfəzinə göndərdiyi təyyarədaşıyan gəmilər İranla müharibə üçün deyil" - deyə, Londonda Yevrosevik Tədqiqat Mərkəzinin (Urosevic Research Foundation of London) sədri Piruz Müctəhidzadə Trend a bildirib.

"Middle East Times" internet nəşrinin avqustun 12- də yaydığı məlumata əsasən, ABŞ, Britaniya, Fransa və Yaponiyanın 5 təyyarədaşıyan gəmiləri və bir çox kreyserləri Fars körfəzinə göndərilib. Qəzetin məlumatına əsasən, 2 - ci dünya müharibəsindən indiyədək bu sayda gəmilərin regiona göndərilməsi müşahidə olunmayıb.

Müctəhidzadə hesab edir ki, gəmilərin Fars körfəzinə göndərilməsi yeni deyil. "2007- ci ildə ABŞ -ın Fars körfəzində təyyarədaşıyan gəmiləri var idi. Hətta Britaniya ABŞ -ın "yaşıl ışıq" yandırması ilə öz hərbçilərini İran sərhədinə göndərdi ki, rəsmi Tehranı qıcıqlandırsın və müharibə başlasın. Lakin, müharibə baş tutmadı və vaxt keçdikcə gərginlik azaldı",- deyə Tehran Universitetinin professoru Müctəhidzadə çərşənbə axşamı telefonla bildirib.

"2007- ci ildə bir neçə Britaniya dəniz hərbçisinin Fars körfəzində İranın su sərhədlərini pozduğuna görə, İran tərəfindən tutulub, bir həftə həbs olunub".

Onun sözlərinə görə, bu manevrlərin hamısı "oyun xarakterli müharibə"-dir.

Keçən ay ərzində İran rəsmiləri və İran İnqilab Keşikçiləri Korpusu (Sepah) generalları Fars körfəzində Hörmüz boğazını bağlayacaqları barədə dəfələrlə xəbərdarlıq ediblər. Digər tərəfdən, Qərb çalışır ki, İranın uranın zənginləşdirilməsi planını dayandırmaq üçün, ölkənin neft sənayesinə sanksiya tətbiq etsin, hətta, ABŞ Konqresində İrana benzin idxalını dayandırmaq planını müzakirə ediblər.

Britaniyada fəaliyyət göstərən iranlı politoloq Əlirza Nurizadə Trend -a açıqlamasında bildirib ki, gəmilərin Fars körfəzinə göndərilməsi iki məqsəd güdür. Birinci, dənizin nəzarətini və Hörmuz boğazından keçən neftdaşıyan gəmilərin təhlükəsizliyini qorumaqdır. Digər səbəb isə, İranın neft ixracı və benzin idxalına nəzarət etməkdir. "Qərb İranı mühasirəyə almaq istəyir"-deyə, Nurizadə çərşənbə axşamı Londondan telefonla bildirib.

Nurizadə bildirib ki, 1970 - ci ildə Britaniyanın gəmiləri Fars körfəzini tərk edəndən sonra, bu körfəzdə heç bir yad gəmi olmayıb, İran nüvə proqramı ilə, xarici qüvvələrin yenə də bu körfəzi ələ keçirməsinə səbəb olub.

Bu haqda Küveyt eksperti Vail Mirzə Trend -a açıqlamasında müharibə variantından və Küveytin mövqeyindən söz açıb. Onun dediklərinə görə, Küveytin müharibə planı yeni xəbər deyil. "Küveyt İrana qarşı müharibəyə dair xüsusi plan hazırlayıb. Küveytin mövqeyi bəllidir - Fars körfəzində hər hansı bir müharibədən çəkinmək. Çünki müharibə olacağı təqdirdə, Küveytə də zərbələr endirilə bilər"-deyə, Mirzə bu gün telefonla Küveytdən bildirib .

Onun sözlərinə görə, əgər Küveytin "Müharibəyə dair" planı varsa belə, bu, neft qurğularının mühafizəsi və müdafiəsindən ibarət ola bilər. Fikrimcə, Küveytin siyasəti İrana qarşı müharibəyə yönəlməyib.      

Diplomatik nöqteyi-nəzərdən Küveyt İranın nüvə proqramına və regionda baş verə biləcək müharibəyə qarşı çıxır. Lakin Küveyt, koalisiya qüvvələri ilə birgə İrana qarşı müharibədə iştirak etməyəcək. Hətta ABŞ İrana qarşı Fars körfəzində müharibəyə başlayacağı təqdirdə belə, hər şey göz qabağında olacaq. Bu, ABŞ -ın Əfqanıstanda və İraqda apardığı müharibələrə oxşayacaq.

Hər üç ekspertin fikrincə, ABŞ İrana qarşı müharibə variantını kənara qoymayıb.

Müctəhidzadə əlavə edib ki, İrana sanksiyalar hakimiyyəti deyil, əhalini iflic edir. Bu bir faciədir. "Yüzlərlə iranlı indiyədək sanksiyalar nəticəsində ölüb. İran rəsmiləri bunu gizlədir, lakin bu, faktdır. Əhalinin yaşayışı dözülməz olub. Bu, Amerikanın ən böyük cinayətlərindəndir"-deyə, Müctəhidzadə bildirb.

Lakin Nurizadə hesab edir ki, xalqın əzab çəkməsi İran hakimiyyətinin cinayətidir, bunu özgəsinin boynuna yıxmaq düzgün deyil.

Məqalənin hazırlanmasında Ülviyyə Sadıqova iştirak edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti