Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir D.İbrahimova/ Çox ehtimal ki, İran İraq və ABŞ arasında strateji əməkdaşlıq haqqında müqaviləni dəstəkləyəcək. Lakin İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü buna əmin deyil.
İraq parlamenti tərəfindən müzakirəsi bazar ertəsinə planlaşdırılmış müqavilə, İraq ərazisindən Amerika qoşunları üçün plasdarm kimi istifadəni nəzərdə tutur.
"İraq parlamenti Bağdad və Vaşinqton arasında strateji əməkdaşlıq haqqında müqaviləni təsdiq edərsə, İran onu heç zaman dəstəkləməyəcək", - İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü Hüseyn Naqavi (Houssein Nagavi) elektron poçtla Trend -a bildirib.
İranın bu müqaviləyə münasibəti vacibdir. Belə ki, iranlıların İraqın şiə icmasına təsiri böyükdür və istək olarsa, İran İraqdakı daxili vəziyyətə təsir göstərə bilər.
İranlı rəsmi şəxslərin özləri də zidd bəyanatlar səsləndirirlər.
İran parlamentinin spikeri Əli Laricani çərşənbə axşamı bu müqaviləni tənqid atəşinə tutub. O bildirib ki, "ABŞ İranı öz ştatlarından birinə çevirməyə can atır", - İranın İRNA agentliyi xəbər verir.
Son səkkiz ay ərzində İraq hökumətinin səyləri ilə bu sazişin bəzi bəndləri dəyişdirilib, - İRNA yazır. "İraq parlamenti müqavimət göstərməyi davam etdirməlidir", - Laricani bildirib.
İranın ədliyyə naziri Ayətullah Haşimi Şəhrudi İraq hökumətinin hərəkətlərini təqdir edib. "İraq hökuməti düzgün hərəkət edib", - o, bazar ertəsi mətbuat konfransında bildirib.
Amerika qoşunlarının İraqda olmasının müddəti 2008 - ci il dekabrın 31- də başa çatır. Lakin İraqın qoşunları ölkədə vəziyyətə müstəqil nəzarət etmək üçün o qədər də möhkəmlənməyib və bununla əlaqədar olaraq, İraq bu müqavilənin qəbulunda maraqlıdır.
Bu məsələdə İran iki cəbhəyə oynayır, - Salih əl-Kaabi hesab edir. Bir tərəfdən, ölkə ümid edir ki, müqavilənin şəkli dəyişdiriləcək və buna görə də dəstəkdən danışır, digər tərəfdən isə "hətta o qəbul edilərsə belə, müqavilədə İraq ərazisindən qonşu dövlətlərə hücum üçün istifadə haqqında bənd yoxdur", - Yaxın Şərq məsələləri üzrə iraqlı ekspert Salih əl-Kaabi telefonla Trend -a bldirib.
O hesab edir ki, İran bu sənədi dəstəkləyə bilər. Onun qərbli həmkarları da bu fikirlə razıdırlar.
"İran bu müqavilənin qəbuluna razı olacaq. Belə ki, İraq torpaqlarından qonşu dövlətlərə hücum üçün istifadənin mümkünlüyü haqqında bənd sənəddən çıxarılıb", - ABŞ Konqresinin Araşdırma Mərkəzi yanında Yaxın Şərq üzrə ekspert Kennet Katsman (Kenneth Katzman) elektron poçtla Trend -a bildirib.
İran üzər amerikalı ekspert Mark Katsın rəyinə görə, İran başa düşə bilər ki, Amerika qoşunlarının İraq ərazisindən getməsi Tehranın özünə faydalı deyil.
"Amerika qoşunlarının gedişi İraqda İrana keçə biləcək qeyri-sabitliyə gətirə bilər", - Corc Meyson İnstitutunun professoru Mark Kats (Mark Katz) elektron poçtla Trend -a bildirib.
İran bu müqaviləni özü üçün təhlükəli hesab etmir və bəzi səbəblərə görə onun əleyhinə çıxış etməyəcək, - iranlı ekspert, "Berlin" Araşdırmalar Mərkəzinin üzvü Mehran Barati hesab edir bir.
Əvvəla, Obama ABŞ prezidenti seçildikdən sonra, İranda Ştatların ona hücum etməyəcəyinə dair əminlik yaranıb. İkincisi, İran ümid edir ki, o, nüvə proqramı ilə bağlı amerikalılarla ümimi dil tapa biləcək və belə kiçik problemlərlə bu yolda maneələr yaratmaq istəmir.
"Digər bir səbəb odur ki, İran İraqla münasibətlərin pisləşməsini və İraq xalqının gözündə Bağdad hökumətini nüfuzdan salmağı istəmir", - Barati bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]