Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, onunla Münhendə görüşən ABŞ vitse-prezident Cozef Bayden Vaşinqtonun bundan sonra da Tbilisiyə maliyyə yardımı edəcəyini vəd edib.
İnterfaks agentliyinin yaydığı xəbərə görə, jurnalistlərə açıqlama verən Saakaşvili qeyd edib ki, Bayden Gürcüstan nümayəndə heyəti ilə kifayət qədər davamlı və konkret görüş keçirib.
"Konkretlik ondan ibarətdir ki, ABŞ Gürcüstana maliyyə yardımı etməkdə davam edəcək. Bu, dünya iqtisadi böhran fonunda çox önəmlidir", - deyə o vurğulayıb.
Saakaşvili həmçinin bəyan edib ki, ABŞ Gürcüstanın parçalanmasına imkan verməyəcək.
"ABŞ həmçinin ayrı-ayrı bölgələrin nüfuz dairələrinə bölünməsinə imkan verməyəcəklər. Əleydarlarımızın istəyinə rəğmən Gürcüstan bir daha əvvəlki nüfuz dairəsinə dönməyəcək", - deyə prezident bildirib.