...

Ermənistan ilə əlaqələrin möhkəmlənməsi İranın xarici siyasətinin prioritetlərindən biridir - Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 14 Aprel 2009 12:00 (UTC +04:00)
Ermənistan ilə əlaqələrin möhkəmlənməsi İranın xarici siyasətinin prioritetlərindən biridir -  Mahmud Əhmədinejad

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Tehranda rəsmi səfərdə olan ermənistanlı həmkarı Serj Sarkisyan ilə görüşdən sonra bildirib ki, Ermənistan ilə əlaqələrin möhkəmləndiriliməsi İranın xarici siyasi fəaliyyətinin prioritetlərindən biridir. Bu barədə İranın İSNA informasiya agentliyi xəbər verib.

İSNA-nın məlumatına görə, iki ölkə prezidenti Tehranın hökumət kompleksində təqribən bir saata yaxın söhbət edib. Təkbətək görüş zamanı iki dövlətin rəhbəri "Ermənistan və İran arasında münasibətlərin dərin və stabil mahiyyətə malik olduğunu" qeyd ediblər.

İTAR-TASS-ın yazdığına görə, prezidentlər regional və beynəlxalq problemləri, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər. Əhmədinejad və Sarkisyan Tehran və Yerevan arasında olan münasibətlərin hazırkı vəziyyətini müsbət qiymətləndiriblər və müxtəlif sahələrdə, xüsusilə də ticarət, nəqliyyat və energetika kimi sahələrdə ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyini bildiriblər.

Prezidentlər bir sıra regional və beynəlxalq problemlər üzrə iki ölkənin mövqeyinin yaxınlığını qeyd ediblər və region dövlətləri arasındakı münasibətlərin xeyirxahlıq və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bildiriblər. Əhmədinejad bu gün Tehranda ermənistanlı həmkarı ilə aparılan danışıqları səmərəli adlandırıb.

Bu, Sarkisyanın Tehrana ilk səfəridir. Əhmədinejad il yarım öncə Yerevana səfər edib.

Xəbər lenti

Xəbər lenti