Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir D.Хatınoğlu /
"İndiyə qədər prezident seçkiləri prosesində 50-dən çox saxtalaşdırma faktı aşkar olunub", - prezidentliyə namizəd Abdulla Abdullanın seçki kampaniyasının rəhbəri Fazil Sənçarki deyib.
"Əfqanıstanda prezident seçkiləri dinc şəraitdə keçirilir və əhalinin iştirakını kafi qiymətləndirmək olar, - Sənçarki bildirib. - Ancaq biz 50-dən çox saxtalaşdırma faktı aşkarlamışıq".
O qeyd edib ki, bəzi seçki məntəqələrində hökumətyönlü qüvvələr xalqı təbliğat və təhdid yolu ilə Kərzayiyə səs verməyə məcbur edirlər.
"Biz məlumat almışıq ki, bəzi seçki dairələrində seçki bülletenləri çox gec çatdırılıb, - Sənçarki Trend -a Kabuldan telefonla deyib. - Məhz bu məntəqələrdə biz Abdullaya ən azı 90 faiz səs veriləcəyini gözləyirdik. Bununla yanaşı, bəzi məntəqələr öz işinə vaxtından gec başlayıb. Bu səbəbdən də biz seçicilərimizin səslərinin bir hissəsisni itiririk".
O həmçinin əlavə edib ki, Abdullanın seçki qərargahından onların 29 min müşahidəçisinə vəsiqələrin verilməsi ilə bağlı Seçki Komissiyasına tələb daxil olub. "Çünki vəsiqələrin heç yarısı belə verilməyib, həmçinin Abdullanın seçki qərargahından hər seçki məntəqəsində heç olmasa bir müşahidəçinin iştirakı təmin olunmayıb", - o bildirib.
"Bəzi seçki məntəqələrində seçki qutuları bizim nümayəndələrin iştirakı olmadan gətirilib, - Sənçarki əlavə edib. - Qəznə vilayətinin 14 şəhərində belə hallar baş verib".
Bu gün Əfqanıstanda prezident seçkiləri start götürüb. Seçki məntəqələri səhər saat 07.00-da açılıb və saat 16.00-da bağlanacaq.
2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikinci olacaq. Bu prezident seçkilərində Kərzayinin əsas rəqibləri sabiq xarici işlər naziri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzidir. Beynəlxalq təşkilatların 76 nümayəndəsi prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]