...

Nüvə obyektlərinə hücum hədələrinə həmişəlik son qoyulmalıdır - İranın MAQATE-dəki nümayəndəsi (MÜSAHİBƏ)

Dünya xəbərləri Materials 28 Avqust 2009 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir D.Xatınoğlu /

Trend -un Fars redaksiyasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (MAQATE) İran nümayəndəsi Əli Əsğər Sultaniyyə ilə müsahibəsi

- Son vaxtlar İran MAQATE-yə digər üzv ölkələrlə nüvə obyektlərinə hücumu qadağan edən qətnamənin qəbul edilməsinin vacibliyi barədə müzakirələr aparır. Bu məsələnin mahiyyətini açıqlaya bilərsinizmi?

- İran İslam Respublikası belə bir təşəbbüs irəli sürüb - MAQATE-nin illik konfransında tikilməkdə olan və təkmilləşdirilmiş hər hansı bir nüvə obyektinə hücumu və ya hücum hədəsini qadağan edən qətnamə müzakirə olunsun. Ötən həftənin cümə günü Tərəfsiz Dövlətlər Hərəkatının (Non-Aligned Movement - NAM) keçirilən iclasında bu təşkilata üzv 100 ölkə, o cümlədən Azərbaycan bu məsələni dəstəklədi. Misirin səfiri Tərəfsiz Dövlətlər Hərakatına üzv ölkələr tərəfindən məktub ünvanlayaraq MAQATE baş katibi ƏL-Bəradeiyə təqdim edib. Məktubda bu məsələnin MAQATE-nin illik konfransının gündəliyinə daxil edilməsi tələb olunub.

- İran İsrail rəsmilərinin bu ölkənin nüvə obyektlərinə hücum edəcəkləri haqda bəyanatlarından narahat olduğu üçün bu təkliflə çıxış edib, yoxsa başqa səbəblər də var?

- Çernobıl hadisəsi göstərdi ki, radioaktiv maddələr üçün sərhəd yoxdur. Nəzərə alsaq ki, hər hansı bir nüvə obyektinə hücum radioaktiv maddələrin əraziyə yayılmasına səbəb olacaq, bu baxımdan həmin məsələ bütün ölkələri, həm nüvə obyektlərinə sahib olan ölkələri, həm də bu təchizata sahib olmayan ölkələri narahat etməlidir. Bu səbəbdəndir ki, nüvə obyektlərinə hər hansı bir hücumu qadağan edən qətnamənin qəbulu üçün sözdə yox, əməldə işlər görülməlidir. Eləcə də bu qətnamə hücumla hədələməyi də qadağan etməlidir.

Ümid edirəm ki, digər ölkələrin dəstəyi ilə belə bir qətnamə qəbul ediləcək və biz həmin qətnamə ilə iki məsələnin həllinə çalışa biləcəyik. Birincisi, əgər hansısa bir ölkə hücuma məruz qalarsa, həmin ölkə və radioaktiv çirklənməyə məruz qalmış digər ölkələrə yardım göstərilməlidir. Bunun üçün qanun mexanizmi tənzimlənməlidir. Bu o deməkdir ki, belə hallarda həm MAQATE yardımla bağlı öz üzərinə öhdəlik götürməlidir, həm də digər ölkələr darhal kömək göstərməlidir. İkinci məsələ isə budur ki, elə bir sənəd hazırlanıb qəbul olunmalıdır ki, həmin sənədə əsasən, hər hansı bir ölkənin digər ölkənin nüvə obyektlərinə hücum etməsi qadağan edilsin. Həmçinin hücum edən ölkə beynəlxalq qurumlar tərəfindən cəzalandırılmalıdır.

80-ci illərdə İsrail İraqın nüvə obyektlərinə hücum etməklə və eləcə də İraq İranın Buşehr nüvə stansiyasına hücum etməklə nüvə obyektlərinə və stansiyalarına qarşı hücumu qadağan edən qanunu pozdular. Son vaxtlar İsrail yenidən Suriyanın nüvə obyeklərinə hücum etdi. Beynəlxalq ictimaiyyət belə təhlükələrə birdəfəlik son qoymalıdır.

- Beynəlxalq agentliklər dəfələrlə İranın nüvə obyektlərinin təhlükəsiz olması ilə bağlı məlumatlar yayıblar. Siz İranın nüvə obyektlərinin təhlükəsizliyini necə qiymətləndirirsiniz və bu sahədə mövcud narahatlıqlar hansılardır?

- Mən nüvə tədqiqatları üzrə elmlər doktoruyam, əminliklə deyə bilərəm ki, İranın nüvə obyektlərinin təhlükəsizlik səviyyəsi beynəlxalq standartlara uyğundur. Tehranda bir nüvə tədqiqat və araşdırmalar reaktoru var (TTR). Həmin reaktor 40 ildir ki, fəaliyyət göstərir. Həmin reaktor təmamilə standartlara uyğundur və onun analoqu digər ölkələrdə də mövcuddur, ABŞ mütəxəssisləri tərəfindən tikilib. Əlbəttə, həmin reaktorun yanacağını ABŞ təmin etmirdi. Biz MAQATE ilə razılaşdırdıqdan sonra həmin reaktor üçün yanacağı Argentinadan təmin etdik. Hamı bilir ki, bu növ reaktor özü-özlüyündə təhlükəsizdir. Həmin reaktorda 200-dən artıq xəstəxana üçün izotop istehsal olunur. İkinci reaktor isə Buşehr nüvə stansiyasıdır. Ruslarla yanaşı, MAQATE ilə də həmin stansiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə layihədə əməkdaşlıq etmişik. MAQATE-nin 100-dən artıq beynəlxalq mütəxəssisi stansiyanın təhlükəsizlik layihəsində bizimlə əməkdaşlıq edib. İranın Atom Enerji Təşkilatının sədri Əliəkbər Salehi ötən həftə Buşehr stansiyasına baxış keçirdi. Orada jurnalistlərin Buşehr stansiyasının açılış mərasimi nə zamandır sualını cavablandırarkən o bildirdi ki, "stansiyanın nə vaxt açılmasından daha əhəmiyyətli məsələ, stansiyanın hərtərəfli təhlükəsizlik təmin olunduqdan sonra açılmasıdır". Bunu da əlavə etməliyəm ki, Buşehr nüvə stansiyası MAQATE-nin təhlükəsizlik bölməsinin daimi nəzarəti altında təkmilləşdirilib.

- Son vaxtlar İran MAQATE müfəttişlərinə Ərak ağır su reaktoruna baxış keçirməyə icazə verib. Digər tərəfdən, gələn həftə BMT TŞ-nin 5 daimi üzvü və Almaniya (5+1 ölkələri) İranın nüvə məsələsi ilə bağlı iclas keçirəcək. Siz MAQATE-nin İranın nüvə proqramına dair yeni məruzəsini və Qərb ölkələrinin bu məsələ ilə bağlı mövqeyini necə dəyərləndirirsiniz?

- Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, İranın nüvə proqramı heç bir hüquqi əsas olmadan və beynəlxalq qanunlara zidd olaraq BMT TŞ-yə çıxarıldı və həmin şura bu məsələyə qarışdı. Buna baxmayaraq, İran səbr və mətanətlə hərəkət etdi. ABŞ və bəzi Qərb ölkələrinin İranın NPT müqaviləsindən çıxması və MAQATE ilə əlaqələrinin kəsilməsi üçün cəhd etməsinə baxmayaraq, İran yenə də MAQATE ilə əməkdaşlığını davam etdirir və etdirəcək də. Mən sizi əmin edə bilərəm ki, İran nə öz nüvə proqramından bir an geri çəkiləcək, nə də MAQATE ilə öz əlaqələrinə limit qoyacaq. Rəsmi Tehranın nüvə obyektələrinə nəzarət etmək üçün MAQATE-yə icazə verməsi İranın xoşniyyətli olmasına dəlalət edrir. MAQATE-nin hər bir istəyi İranın hüquq və texniki mütəxəssisləri tərəfindən araşdırılır. Əgər MAQATE-nin hər hansı bir istəyi beynəlxalq öhdəliklərə və milli təhlükəsizliyə zidd deyilsə, həmin istəklər təmin olunur. MAQATE bu həftənin sonu və ya gələn həftə İranın nüvə proqramı ilə bağlı yeni məruzəsini açıqlayacaq. İnanıram ki, yeni məruzədə İranın bu sahədə gördüyü müsbət işlər öz əksini tapacaq.

- MAQATE müfəttişləri bildiriblər ki, İran may ayının sonundan etibarən Nətənzdəkı nüvə poliqonunda uranın zənginləşdirilməsi üzrə sentrifuqların sayını artırmayıb. Siz bu məsələni necə dəyərləndirirsiniz?

- Bildirməliyəm ki, MAQATE-nin bütün illik iclaslarında, Tərəfsiz Dövlətlər Hərəkatı ölkələri, xüsusilə İran və Azərbaycan MAQATE müfəttişləri tərəfindən gizli məlumatların mətbuatda yayılması ilə bağlı öz narahatlıqlarını bildiriblər. MAQATE gizli araşdırmalar zamanı əldə etdiyi məxfi məlumatların məxfiliyini qorumalıdır. MAQATE baş katibinə məktubla katiblikdə və təşkilatın digər mərkəzlərində məxfi məlumatların məxfiliyinin qorunması ilə bağlı tədbirlər görülməsi haqda müraciət olunub. Bir ölkə MAQATE müfəttişləri ilə şəffaf şəkildə əməkdaşlıq edir və bütün məlumatları təqdim edir, həmin məlumatlar isə təşkilat rəhbərinin məruzəsindən öncə mətbuatda yayımlanır. Məxfi məlumatların mətbuata çıxması məsələsi bizi narahat edən məsələlərdəndir. Belə ki, bəzi ölkələr həmin məlumatlardan siyasi məqsədlər üçün istifadə etmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti