Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Axundov /
Türkiyənin xarici işlər naziri Bakıda Şəhidlər Xiyabanında Türkiyə bayrağının yenidən dalğalanması faktını alqışlayır, Cihan İnformasiya agentliyi xəbər verir.
Türkiyə XİN-in çərşənbə günü verilən bəyanatında deyilir ki, keçmişdə müstəqillik və bayraq uğrunda mübarizədə itkilərlə üzləşən bir millət iki dövlət kimi, Türkiyə və Azərbaycan bayraq və onun müqəddəsliyini başa düşür.
"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı bir daha qarşılıqlı şəkildə təsdiq edilib ki, Azərbaycan bayrağı Türkiyə üçün, Türkiyə bayrağı isə Azərbaycan üçün yad deyil. Heç şübhəsiz, gələcəkdə Türkiyə və Azərbaycan öz bayraqlarına, türk xalqının iki bayrağına daha diqqətlə yanaşacaq", - bəyanatda deyilir.
Oktyabrın 14-də Bursada keçirilən Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağı təhqir olunmuşdu. Rəsmi Ankara bunun təxribat olduğunu açıqlamışdı və Bursada polis məmuru cəzalandırılmışdı. Bundan sonra oktyabrın 15-də Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları yığışdırılmışdı. Eləcə də Türkiyənin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları endirilmişdi.
Oktyabrın 28-də saat 01.30-da türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin yanında Türkiyə və Azərbaycan bayraqları qaldırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]