Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqalər komitəsinin sədri Murad Mərcan qondarma "erməni soyqırımı" haqqında qətnamənin ABŞ Konqresi Nümayəndələr Palatası Xarici əlaqələr komitəsi tərəfindən təsdiq edilməsini "ən böyük komediya" adlandırıb. Məlumatı CNN Türk yayıb.
Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasında 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.
Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Mərcan Türkiyənin ABŞ-dakı səfirliyində keçirilən mətbuat konfransında qətnamənin qəbul edilməsini "son ildə baş verən ən böyük komik vəziyyət" adlandırıb.