ABŞ-ın yeni nüvə siyasəti sülhə və sabitliyə səbəb olmayacaq. Bunu İran XİN rəhbərinin müavini Mehdi Axundzadə deyib. Məlumatı Press TV yayıb.
İran bildirir ki, bu yaxınlarda Vaşinqtonun təqdim etdiyi nüvə siyasəti icmalı ABŞ-ın nüvə silahı məsələsi ilə bağlı mövqeyinin nə dərəcədə etibarsız olduğunu göstərir.
Tehran bildirib ki, ABŞ-ın yeni siyasəti yalnız kütləvi qırğın silahlarından uzaq sülh yaratmaq istəyi görüntüsü yaradır, baxmayaraq ki, Vaşinqtonun hazırkı siyasəti bütün dünya üçün ciddi təhlükəni əks etdirir.
"Bu məsələ bəzi höklumətlərdə, əsasən, qoşulmamaq hərəkatının üzvlərində narahatlıq yaradır, çünki mən dediyim kimi, ABŞ-ın siyasətinin əsas məqsədi əvvəlkitək nəinki nüvə arsenallarının qorxu vasitəsi kimi saxlanması, həm də onların modernləşdirilməsidir. Odur ki, hesab edirəm, ABŞ-ın yeni doktrinası sülhün və sabitliyin bərqərarına xidmət etməyəcək", - Axundzadə deyib.
O əlavə edib ki, bu siyasətdə heç bir köklü dəyişiklik müşahidə olunmur.
ABŞ-ın yeni doktrinası, İran və Şimali Koreya istisna olmaqla, bütün qeyri-nüvə dövlətlərinə qarşı atom bombasının tətbiqini məhdudlaşdırır.