Prezident Barak Obamanın ABŞ-ın yeni nüvə doktrinasının təqdim edilməsi zamanı edilən sonuncu bəyanatları yanlış və düşünülməmişdir; belə ki, o, bənzər bəyanatlar verərək odla oynayır, - İran XİN-in rəhbəri Mənuçöhr Möttəki bildirib. İRNA informasiya agentliyi məlumat verir.
Möttəki bildirib ki, "Prezident Obama prezidentlik vəzifəsinə başlayarkən dünyada vəziyyəti dəyişməyi vəd etmişdi, öz vədlərindən şahmat lövhəsində həlledici fiqur kimi istifadə etdi, lakin o, sonuncu bəyanatı ilə uduza bilər".
Barak Obama aprelin 5-də nüvə doktrinası elan edilməmişdən öncə bildirib ki, ABŞ-ın nüvə silahının istifadəsinə qoyduğu yeni öhdəliklər İrana və Şimali Koreyaya şamil olunmayacaq. Bunu İran hakimiyyəti nüvə hücumu təhlükəsi kimi qiymətləndirir.