Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir D.Xatınoğlu/
ABŞ indiyədək Beynəlxalq Atom Enerjisi Agentliyinin "Nüvə silahlarının yayılmaması haqqında" (NPT) konvensiyasının 6-cı bəndi ilə bağlı öhdəliklərinə əməl etməsə də, onun nüvə silahından istifadəyə dair yeni strategiyası beynəlxalq normalara və qaydalara zidd deyil.
"Belə düşünürəm ki, İran və Şimali Koreya beynəlxalq ictimaiyyətlə normal münasibətlər yaratmasalar, təbii ki, anormal təhlükələrı gözləməlidirlər. Obama yeni nüvə strategiyasında hər iki ölkəyə lazımınca ciddi bir mesaj verib ki, ABŞ tərəfindən nümayiş etdirilən tədbirlər "karton bəbir" deyil, həqiqidir. İran bundan sonra, ABŞ-ın xəbərdarlıqlarına daha ciddi yanaşmalı və bilməlidir ki, diplomatiya və sanksiya ilə yanaşı digər variantlar da var. ABŞ İranı nüvə silahı yaratmaqdan yayındıra bilməsə, daha sərt vasitələrə əl atmalı olacaq", - Təl-Əviv Universiteinin Yaxın Şərq Ölkələri Araşdırmaları Mərkəzinin professoru Meyr Litvak Trend-ə elektron müsahibəsində bildirib.
ABŞ-da fəaliyyət göstərən beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert prof. Cəlil Rövşəndilin (Jalil Roshandel) fikrincə, ABŞ-ın İran və Şimali Koreyaya nüvə silahı ilə hücumu istisna etməməsinin səbəblərinə baxmaq lazımdır. "İran və Şimali Koreya ABŞ-ın təhlükəsizliyinə potensial təhlükədir", - Şərqi Karolina Universitetinin Təhlükəsizlik Tədqiqatları Mərkəzinin direktoru Rövşəndil Trend-ə telefonla müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ İranı normal siyasət yürütməyə çağırıb, lakin İran bütün təlkifləri rədd edib. "Beləliklə, demək olar ki, İran və Şimali Koreya normal beynəlxalq əlaqələrə qoşulmaq istəmirlər və ABŞ-ı təhlükə və düşmən kimi qələmə verirlər. ABŞ da onları düşmən və təhlükə hesab edir və bu təhlükənin qarşısını almaq üçün bütün vasitələri masa üzərinə qoyur", - ABŞ eksperti hesab edir.
ABŞ Prezidenti Barak Obama ötən həftə ölkəsinin yeni nüvə strategiyasını açıqlayıb. Sənədə əsasən, ABŞ, hətta nüvə silahına malik olmayan ölkələr tərəfindən hücuma məruz qalsa belə, nüvə silahından istifadə etməyəcək. Lakin bu, İran və Şimali Koreyaya şamil edilmir.
ABŞ yeni strategiyasında İran və Şimali Koreya tərəfindən hücuma məruz qaldığı təqdirdə, nüvə silahından istifadə edəcək, bu isə beynəlxalq diplomatiyaya zidd deyil, nüvə silahına malik istənilən ölkə öz milli təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı nüvə silahı ilə reaksiya verə bilər. Bunu Qlazqo Universitetinin iranəsilli professoru Rza Təqizadə (Reza Taghizadeh) cümə axşamı Trend-ə telefonla Londondan deyib. Onun sözlərinə görə, ABŞ-ın nüvə strategiyası "müdafiə" xarakteri daşıyır.
ABŞ-ın nüvə silahından istifadəetmə məsələsi İran rəsmilərinin sərt reaksiyası ilə qarşılaşıb. İranın ali rəhbəri ayətullah Əli Xamnei ABŞ-ı "etibarsız istismarçı" adlandırıb. İranın BMT-də nümayəndəsi Məhəmməd Xərrazi isə BMT-nin Baş katibi Pan Gi Muna şikayət məktubu ünvanlayıb. İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə aprelin 13-də Trend-ə müsahibəsində bildirib ki, ABŞ BAEA-nın NPT konvensiyasının 6-ci bəndinə 50 ilə yaxındır ki, əməl etmir. Onun sözlərinə görə, ABŞ əlində olduğu nüvə silahını başqa ölkələrə "təhdid" vasitəsi kimi istifadə edir.
NPT-in 6-ci bəndinə əsasən, nüvə silahına malik olan ölkələr nüvə silahlarını məhv etməlidirlər.
ABŞ-ın NPT konvensiyasına əməl etməməsinə baxmayaraq, ekspertlərin fikrincə, beynəlxalq diplomatiyada ABŞ-ın yeni strategiyası əvvəlki strategiyalarla müqayisədə daha konstruktiv və ümidvericidir.
Təqizadənin fikrincə, əgər İran, yaxud Şimali Koreya ABŞ-ın regiondakı hərbi obyektlərinə və qüvvələrinə hücum etməsələr, nüvə silahına məruz qalmaları mümkun deyil. "ABŞ Konqresi, xüsusilə də respublikaçılar Obamanı İranla bağlı sərt tədbirlər görməyə məcbur edir, buna baxmayaraq, Obama deməyib ki, biz İrana nüvə silahı ilə hücum edəcəyik, deyib ki, İran bizə hücum etsə, nüvə silahından istifadə edəcəyimiz istisna olunmur", - beynəlxalq əlaqələr üzrə ekspert Təqizadə belə hesab edir.
Rövşəndilin fikrincə, nüvə silahı təhdidinin cavabı nüvə silahının özüdür. "Məncə, bu normaldır, bu, beynəlxalq ictimaiyyət üçün normal qəbul olunmalıdır. İran və Şimali Koreya beynəlxalq ictimaiyyət üçün potensial nüvə təhdididirlər", - Rövşəndil hesab edir.
Qərb İranı nüvə silahı istehsaletmə niyyətində olmaqda ittiham edib. Rəsmi Tehran isə bunu rədd edir.
İndiyədək BMT TŞ nüvə proqramını dayandırmaq üçün İrana qarşı 5 qətnamə qəbul edib. Bu qətnamələrin 3-ü iqtisadi sanksiyalardır. Hazırda İrana qarşı altıncı qətnamənin təsdiqi üçün BMT TŞ-in daimi üzvləri müzakirə aparırlar.
Materialın hazırlanmasında Ü.Sadıqova iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]