...

Bu gündən İranda yeni doğulmuş hər körpəyə 1000 dollar verilir

Dünya xəbərləri Materials 27 İyul 2010 14:31 (UTC +04:00)
Bu gündən etibarən İranda yeni doğulmuş hər uşağa 1000 dollar hədiyyə veriləcək. Bunu İranın Vətəndaşların Qeydiyyatı Təşkilatının rəisi Məhəmməd Nazimi Ərdikani deyib.
Bu gündən İranda yeni doğulmuş hər  körpəyə 1000 dollar verilir

Bu gündən etibarən İranda yeni doğulmuş hər uşağa 1000 dollar hədiyyə veriləcək. Bunu İranın Vətəndaşların Qeydiyyatı Təşkilatının rəisi Məhəmməd Nazimi Ərdikani deyib, - bu barədə Trend İranın FARS xəbərlər agentliyinə istinadən xəbər verir.

Ərdikani deyib ki, İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə bu gün 1389-cu hicri şəmsi il təvəllüdlü (İranda il mart ayının 21-də dəyişir) körpələrə "İran övladlarının gələcəyinin təmini fondu" layihəsi çərçivəsində 1000 dollar (1 milyon tümən) məbləğində hədiyyələrin verilməsi mərasimi keçirilib.

Ərdikani deyib ki, bu layihənin icrasını İranın Milli Bankı və Vətəndaşların Qeydiyyatı Təşkilatı həyata keçirəcək.

1389-cu hicri şəmsi ilində doğulmuş və doğum haqqında şəhadətnamə almış körpələrin valideynləri "Bank Milli İran"ın müxtəlif şöbələrinə göndərilir və onlara hesab kitabçaları təhvil verilir.

"Bu ildə dünyaya gəlmiş hər bir körpə üçün hesab açılır və həmin hesaba 1000 dollar pul yatırılır. Bu, həmin körpələrin gələcəyini təmin etmək məqsədi ilə həyata keçirilir", - deyə Ərdinaki deyib.

2010-cu ilin aprel ayında İran Prezidenti Mahmud Əhmədinejad Qərbi Azərbaycan (Urmiya) əyalətində çıxışı zamanı bildirmişdi ki, bu ildən etibarən ölkədə dünyaya göz açmış hər bir uşaq üçün bank hesabı açılacaq və ilkin mərhələdə bu hesaba hökumət tərəfindən 1000 dollar məbləğində pul vəsaiti hədiyyə olunacaq.

O deyib ki, həmin vəsait sərmayə kimi istifadə olunacaq və ildə 100 dollar həmin vəsaitin üstünə pul əlavə olunacaq. "Ailə üzvləri və valideynlər də əgər ayda 20 dollar həcmində bu hesaba pul vəsaiti yatırarlarsa, uşaqlar gənc yaşlarına çatarkən, evlənmək, ev almaq və iş qurmaq üçün 120 min dollar məbləgində vəsait əldə edə bilərlər", - Əhmədinejad deyib.

Ərdikani deyib ki, cari ilin ilk 4 ayı ərzində İranda 436 min körpə dünyaya göz açıb ki, bu məbləğ onların hamısına veriləcək.

Xəbər lenti

Xəbər lenti