...

Ərdoğan İsrailə ultimatum göndərib

Dünya xəbərləri Materials 19 Oktyabr 2010 11:21 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, israilli həmkarı Benyamin Netanyahu gələn cümə günü Afinada keçiriləcək ATƏT-in Aralıq dənizi üzrə illik konfransında iştirak edərsə, o, bu konfransa gəlməyəcək.
Ərdoğan İsrailə ultimatum göndərib

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, israilli həmkarı Benyamin Netanyahu gələn cümə günü Afinada keçiriləcək ATƏT-in Aralıq dənizi üzrə illik konfransında iştirak edərsə, o, bu konfransa gəlməyəcək. Bu barədə "CNN Turk" telekanalı məlumat verib.

"Əgər İsrailin Baş naziri bu konfransda iştirak edəcəksə, mən orada olmayacağam", - Ərdoğan Yunanıstanın "Skai TV" telekanalına müsahibəsində bildirib.

Türkiyə hökumət başçısı İsraili xəbərdar edib ki, bu ölkə Yaxın Şərqdə Türkiyə kimi ən yaxın dostunu itirməyə yaxındır.

"İsrail hökuməti öz təcavüzkar siyasətinə görə cavab verməlidir", - Ərdoğan bildirib.

Türkiyə saytının məlumatına görə, İsrailin adı bu həftə Yunanıstan paytaxtında öz işinə başlayacaq konfrans iştirakçılarının siyahısında yoxdur.

Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib. Doqquz türk vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib.

Ankara İsraildən türk vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə kompensasiya ödənilməsini tələb etsə də, sonuncu bundan imtina edib.

Xəbər lenti

Xəbər lenti