...

Pakistanda İranın "Cundullah" qruplaşmasının rəhbəri həbs olunub

Dünya xəbərləri Materials 24 Dekabr 2010 11:12 (UTC +04:00)

Dekabrın 23-də axşam Pakistanda "Cundullah" qruplaşmasının rəhbəri, iyunda edam olunan Əbdülmalik Riqini əvəz edən Əbdülrauf Riqi həbs edilib. Bu barədə IRNA agentliyi yerli KİV-ə istinadən yazır.

Agentliyin məlumatına görə, həbsin detalları sonra açıqlanacaq.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.

"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarənin göyərtəsində həbs edilib. 

Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib.

2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27-yə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.

Xəbər lenti

Xəbər lenti