...

Türkiyə Suriya ilə müharibəyə hazırdır – Davudoğlu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 7 Oktyabr 2011 13:01 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:37-də yayılıb)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Ankara regionla bağlı bütün qərarları kənar məsləhət olmadan qəbul edir. Ona görə də zərurət olarsa, Türkiyə Suriya ilə müharibəyə hazırdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "Timeturk" qəzeti yazıb.

Nazirin sözlərinə görə, bəzi ölkələr Türkiyənin Qərbin razılığı ilə hərəkət etdiyini bəyan edirlər, lakin bu, belə deyil, çünki Ankara müstəqil siyasət aparır.

Türkiyənin Silahlı Qüvvələri 5-15 oktyabrda Suriya ilə sərhəddə yerləşən Xatay adlanan ərazidə təlim keçirəcək. Bu barədə SQ-nin Baş qərargahı məlumat verib. Təlimlərə 730 hərbi qulluqçu və quru qoşunlarından 40 ədəd texnika cəlb ediləcək.

Təlimlərin gedişində, oktyabrın 9-da ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların Xataydakı düşərgəsinə baş çəkəcək. Orada Ərdoğanın Suriyadakı hadisələrlə bağlı kəskin bəyanatla çıxış edəcəyi gözlənilir.

Suriya hakimiyyəti ölkədə çaxnaşmalar başlandıqdan sonra suriyalıların kütləvi qaçışı ilə əlaqədar dəfələrlə öz təhlükəsizlik qüvvələrini Türkiyə ilə sərhəd regionlara cəmləşdirib. Suriyanın tanklar da daxil olmaqla, qoşun hissələri sərhəd xəttinə 500 metrədək yaxınlaşıb.

Türkiyədə deyilən ehtimallara görə, Suriya qoşunları sərhədyanı ərazilərdə Türkiyəyə keçməyə cəhd edən hərbi fərarilərin axtarışı üzrə əməliyyatlar keçirib.

Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın bilavasitə onun sərhədləri yaxınlığında əməliyyatlar keçirməsi ilə bağlı narahatlığını ifadə edib və Suriya tərəfinə belə əməliyyatların təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.

Bu arada vətəndəki təqiblərdən Türkiyəyə qaçan Suriya vətəndaşlarının sayı 7 min 605 nəfərə çatıb. Onlar Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin idarəçiliyi altında olan 5 düşərgədə yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti