...

İran NPT müqaviləsindən imtina edərsə, bu ölkəyə qarşı müharibə qaçılmazdır

Dünya xəbərləri Materials 21 Noyabr 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir T.Cəfərov/

İran nüvə silahının yayılmaması üzrə müqavilədən (NPT) imtina edərsə, bu ölkəyə qarşı müharibə qaçılmazdır, lakin İranın hazırkı siyasəti NPT müqaviləsindən imtina etmək üzərində qurulmayıb. Bu barədə bazar ertəsi Trend-ə Böyük Britaniyada fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə bildirib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası bu həftənin çərşənbə axşamı İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığının gözdən keçirilməsi və əlaqələrin səviyyəsinin azaldılması məsələsini müzakirə edəcək. Bu barədə MEHR agentliyi məlumat verib. Spiker Əli Laricani parlamentin İranın BAEA ilə əməkdaşlığına yenidən baxmasını zəruri hesab etdiyini deyib. Bundan başqa, ölkə KİV-lərində BAEA-nın baş direktoru Yukiya Amanonun son hesabatına cavab olaraq, İranın NPT müqaviləsindən imtina edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Təqizadənin fikrincə, İranın NPT müqaviləsindən çıxması ilə bağlı yayılan məlumatlar təbliğat xarakterlidir. "Belə çıxışlar hədələmək məqsədi güdür və təbliğat xarakterlidir. İranın NPT müqaviləsindən çıxması beynəlxalq ictimaiyyətə və bəzi region ölkələrinə müharibə elan etməsi kimi dəyərləndiriləcək ki, bu da bu ölkəyə qarşı müharibənin başlanmasını qaçılmaz edəcək", - Təqizadə bildirib.

Beynəlxalq məsələlər üzrə ekspert Davud Hermidas Bavənd də hesab edir ki, İranın BAEA ilə əməkdaşlığının gözdən keçirilməsi və əlaqələrin səviyyəsinin azaldılması ilə bağlı yayılan məlumatlar BAEA rəhbəri Yukiya Amanonun hesabatına qarşı İran rəsmilərinin əsəbi reaksiyasıdır.

"İran nüvə silahının yayılmaması üzrə müqavilədən imtina etmək fikrində deyil və səslənən fikirlər BAEA rəhbərinin məruzəsinə əsəbi reaksiyadır", - Bavənd Trend-ə müsahibəsində bildirib.

BAEA-nın baş katibi Yukiya Amano İranın nüvə proqramı ilə bağlı noyabrın 8-də yaydığı məruzədə İranın nüvə silahının detallarını istehsal etməsi, nüvə silahının partlayışının testi, nüvə başlığının raketlə daşınması və digər məsələlərlə bağlı narahatlığını bildirib. Birinci dəfədir ki, BAEA İranın nüvə silahı yaratmaq cəhdləri ilə bağlı yetərli "sübutlar"ın olmasından danışıb. Bundan sonra ötən həftənin cümə günü BAEA-nın Hakimlər Şurası yeni qətnamə təsdiq edib. Yeni qətnamədə İrandan istənilib ki, öz nüvə proqramı ilə bağlı bütün sahələri əhatə edən məlumatları şəffaf şəkildə BAEA-nın ixtiyarına versin.

Bavəndin fikrincə, İran öz əlaqələrini BAEA ilə azaltmaq istəmir və bu kimi çıxışlar İran və BAEA əlaqələrinə təsir etməyəcək.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə-elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası indiyədək İranın nüvə proqramının həssas sahələrini, o cümlədən uranın zənginləşdirilməsi prosesini dayandırmaq üçün bu ölkəyə qarşı 4 dövr sanksiya və 6 qətnamə qəbul edib. Sonuncu - 1929 saylı qətnamə 2010-cu ilin iyun ayında qəbul olunub. Avropa İttifaqı və ABŞ da birbaşa İrana qarşı sərt sanksiyalar tətbiq ediblər.

Xəbər lenti

Xəbər lenti